Müasir dövrdə təhsil yalnız sinif otaqları ilə məhdudlaşmır. Sosial medialarda müəllimlərin və şagirdlərin marifləndirilməsi vacibdir.
Bu istiqamətdə 12 ildən artıq pedaqoji təcrübəsi olan kimya müəllimi və geniş izləyici kütləsinə sahib təhsil blogeri Səkinə Həsənova ilə söhbət etdik. O, müəllimlik fəaliyyətini sosial media ilə birləşdirərək həm pedaqoqlara, həm də tələbələrə ilham verir. Özünəməxsus yanaşması ilə seçilən Səkinə xanım ənənəvi “ideal müəllim” obrazını dəyişərək, “stereotipləri qıran müəllim” kimi tanınır.
Səkinə Həsənova bildirib ki, blog yaratmasına ilham verən əsas amil pedaqoji mühitdəki çatışmazlıqlar olub:
“Əslində məni blog açmağa ilhamlandıran elə müəllimlərin özləri oldu. Onların çatışmayan tərəflərini görəndə düşündüm ki, düşündüm ki, niyə belə bir blog açmayım? Mənim məqsədim müəllimlərə dəstək olmaq, onların özlərinə güvənməsinə yardımçı olmaqdır. Həm universitet müəllimləri, həm gənc kadrlar, həm özəl, həm də dövlət məktəblərində çalışan pedaqoqlar mənim izləyicilərim arasındadır. İstəyim odur ki, daha çox müəllimə çatım, onların həyatına işıq tutum”, – deyə Həsənova bildirir.
O vurğulayır ki, blog fəaliyyətində təkcə müəllimlər deyil, tələbələr də ona yazaraq ilham aldıqlarını bildiriblər:
“Mənə yazanlar olur ki, blogumu görməmişdən əvvəl müəllimlik peşəsini sevmirdilər. Amma məni izlədikdən sonra müəllimin necə vacib bir peşə olduğunu anlayıblar. Bu isə o deməkdir ki, töhfəm artıq yalnız müəllimlərə deyil, gələcək müəllimlərə də çatır”.
Blog fəaliyyətində əsas məqsədinin çərçivələri sındırmaq olduğunu deyən pedaqoq qeyd edir:
“Milyonlarla izlənilmiş videolarım var. Orada bizə öyrədilən stereotiplərdəki ‘ideal müəllimi’ göstərmirəm. Mən göstərirəm ki, müəllim uşaqlarla birgə gülə də bilər, ağlaya da bilər, zarafat da edə bilər. Blogu yaradanda şüarım ‘stereotipləri qıran müəllim’ idi və bunu bacardım. İnsanların həyatına toxuna bilmək və faydalı ola bilmək çox gözəl bir hissdir”.
Səkinə xanım hesab edir ki, sosial media fəaliyyətində ən vacib amillərdən biri davamlılıqdır:
“Tez nəticə əldə etməyə bilərsən, amma əsas odur ki, davamlı olasan. Blog mənə öyrətdi ki, işini paylaşmağı bacarmalısan. Hazırda tək işləmirəm, texniki məsələlərdə köməkçim var. Çünki hər bir işi özüm etsəydim davamlılığımı qoruya bilməzdim”.
Müəllimin sözlərinə görə, sosial mediada aktiv olmaq şagirdlərlə münasibətlərinə də müsbət təsir edib:
“Şagirdlərim blogdan sonra məni daha yaxşı tanıdılar və başa düşdülər ki, işimdə peşəkaram. Onlarda həm hörmət, həm də motivasiya artdı. Mən dərslərdə ilk olaraq onlara deyirəm ki, ‘bu günə qədər öyrəndiyiniz kimyanı unudun, sıfırdan başlayırıq’. Çünki bir çox şagirdin beynində psixoloji blok olur – ‘mən bacarmıram’. Mənim işim o bloku sındırmaqdır”.
Şagirdlərlə münasibətində daim motivasiyanı ön plana çəkən Səkinə Həsənova dərs prosesinə yanaşmasında da fərqli düşüncəni əsas tutur. Onun fikrincə, müəllim yalnız bilik ötürən deyil, həm də şagirdin psixoloji baryerlərini aşmasına kömək edən bir bələdçi olmalıdır:
“Sinifə ilk dəfə daxil olanda şagirdlərə həmişə belə deyirəm:
“Bu günə qədər öyrəndiyiniz kimyanı və qarşılaşdığınız müəllimləri unudun. Biz sizinlə sıfırdan başlayırıq”.
Çünki mən inanıram ki, bir çox şagirdin beynində psixoloji blok olur – “mən bunu bacarmıram, mən bunu başa düşmürəm”. Bu bloklar aradan qalxmadıqca, müəllim dərsi nə qədər izah etsə də, uşaqlar onu tam mənimsəyə bilmirlər. Ona görə hər dərsimdə əsas məqsədim bu blokları aradan qaldırmaq, şagirdləri sıfırdan başlamağa inandırmaq olur.
Burada motivasiya çox vacibdir. Mən düşünürəm ki, müəllim şagirdin qol-qanadını qırmamalıdır. Hər bir şagirdi hiss etməli, onun problemli məqamlarını vaxtında görməli və reaksiya göstərməlidir. Sinifdə çox güclü şagirdlər də, daha zəif olanlar da ola bilər. Amma bu, onların balanslı şəkildə öyrədilməsinin mümkün olmadığı anlamına gəlmir. Lazım olduqda müəllim mütləq fərdi yanaşmanı göstərməlidir.
Bəzən müəllimlər deyirlər ki, “sinifdə 30 şagird var, fərdi yanaşma göstərmək mümkün deyil”. Mən də belə siniflərdə dərs demişəm və yaxşı bilirəm. Amma fərdi yanaşma o demək deyil ki, hər dərs bütün uşaqlarla ayrıca söhbət edilməlidir. Məsələn, ev tapşırıqlarını yoxlayarkən hər dərsdə 5-10 şagirdə xüsusi diqqət ayırsanız, onlarla zarafatlaşsanız, sual versəniz, dəftərinə baxsanız, bu artıq fərdi yanaşmadır. Çünki həmin uşaq o an hiss edir ki, müəllim bütün siniflə deyil, yalnız onunla məşğuldur. Bu isə güclü motivasiya yaradır və şagird düşünür: “müəllim mənimlə maraqlanır”.
Əslində, məktəb vaxtımızı xatırlasaq görərik ki, sevdiyimiz fənlər çox vaxt müəllimlərin sayəsində olub. Biz müəllimi sevdiyimiz üçün fənni də sevmişik. Ona görə müəllimlər bunu heç vaxt unutmamalıdır. Şagirdlərə davamlı motivasiya vermək, onların tapşırıqlarını mütəmadi yoxlamaq bütün fənlər üçün vacibdir.
Burada mühüm bir məqam da var: şagirdlərə yalnız “tapşırığı etməlisiniz” demək kifayət etmir. Onlara nəyə görə bunu etməli olduqlarını izah etmək lazımdır. Mən dərslərdə belə edirəm: əvvəlcə soruşuram – “Sizcə, hər dərsdən yadınızda nə qədər qalır?” Uşaqlar müxtəlif cavablar verirlər: 20%, 30%, 40%, 50%… Sonra deyirəm ki, araşdırmalara görə dərsin sadəcə 10%-i yadda qalır. Ona görə ev tapşırıqları mütləq vacibdir.
Şagirdlər açıq şəkildə səbəbi başa düşəndə, onlar üçün bu artıq məcburiyyət yox, motivasiya olur. Nəticədə həm davamlılıq, həm də öyrənmə keyfiyyəti artır”.
Kimya fənnində ən böyük problemlərdən birinin laboratoriyaların yetərsizliyi olduğunu deyən S.Həsənova əlavə edir:
“Hazırda qarşılaşdığımız ən böyük problemlərdən biri məktəblərdə laboratoriyaların lazımi avadanlıq və kimyəvi maddələrlə təmin olunmamasıdır. Halbuki kimya sırf təcrübə əsaslı fəndir. Şagirdlər nəzəriyyəni öyrəndikdən sonra mütləq şəkildə onu praktikada görməlidirlər. Əgər laboratoriya şəraiti yoxdursa, müəllimlər düşünməlidirlər ki, dərsləri necə daha maraqlı edə bilərlər. Təəssüf ki, təbiət elmlərinə maraq onsuz da kifayət qədər aşağıdır.
Belə vəziyyətdə alternativ yollar tapmaq mümkündür. Məsələn, videolardan istifadə etmək və ya gündəlik həyatda ətrafımızda olan sadə məhsullarla təcrübə aparmaq olar. Bizim PH indikatorumuz var ki, onunla qələvi, neytral və ya turş mühiti təyin etmək mümkündür. Bunun üçün sadəcə qırmızı kələm, diş məcunu, sirkə, limon suyu, hətta xlor kimi məişətdə olan maddələr kifayətdir. Bu cür təcrübələr həm şagirdlərdə maraq yaradır, həm də nəzəriyyəni daha yaxşı anlamağa kömək edir.
Demək istəyirəm ki, laboratoriya çatışmazlığı müəllim üçün bəhanəyə çevrilməməlidir. Əksinə, müəllim əlindən gələni etməli, lazım gələrsə, onlayn alış-veriş platformalarından sadə avadanlıqlar sifariş edib dərsləri daha interaktiv etməyə çalışmalıdır. Bu təşəbbüslərə məktəb rəhbərliyi də dəstək verməlidir. Çünki çox vaxt müəllimlər öz şəxsi vəsaitləri hesabına dərsləri maraqlı etməyə çalışırlar və bu prosesdə onlara kömək göstərilməlidir”.
Sonda o, müəllimlərin peşəkar inkişafı üçün mövcud imkanlara diqqət çəkir:
“Hazırda kifayət qədər təlim və layihələr mövcuddur. Amma müəllimlərin bir çoxunun bundan xəbəri olmur. Aidiyyəti qurumlar sosial mediada daha aktiv olmalı, bütün məktəblərə bu məlumatı çatdırmalıdırlar ki, hər kəs bu imkanlardan yararlana bilsin”, – deyə pedaqoq fikrini yekunlaşdırır.
Aynur Abdullayeva
newsbaku.az