Zərdabda erkən evliliyin qarşısı alınmaqla yanaşı, valideynlər 1000 manat, erkən evliliyin baş tutmasına şərait yaradan ictimai iaşə obyektinin sahibi isə 1500 manat məbləğində cərimə olunub.
newsbaku.az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu sosial şəbəkə hesabında məlumat verib.
O bildirib ki, Zərdab rayonu “Natiq” şadlıq sarayında erkən evlilik halının baş verməsi məlumatı daxil olub, dərhal informasiya aidiyyəti qurumlara ötürülüb, araşdırmalara başlanılıb:
“Məlum olub ki, bəyin 32, gəlinin isə 17 yaşı var. Hər iki tərəfin valideynləri ilə söhbət aparılıb, Bunun qanunvericiliklə qadağan olunduğu izah edilib.
Məclisin keçirilməsi təxirə salınıb. Bundan əlavə, tədbirin keçirilməsinə göz yuman ictimai iaşə obyektinin sahibi barəsində də inzibati qaydada protokol tərtib edilib”.
newsbaku.az