Son dövrlərdə azyaşlılara qarşı zorakılıq halları cəmiyyətdə ciddi narahatlıq doğurur.
Psixoloq Fəridə Musəvi məsələ ilə bağlı newsbaku.az-a açıqlamasında bildirib ki, bu cür hadisələrin kökündə çox vaxt travma yaşamış və şəxsiyyət pozuntuları olan şəxslər dayanır:
“Azyaşlılara meyl göstərən şəxslər çox vaxt uşaqlıqda gördükləri travmalar, təzyiqlər və müxtəlif psixoloji səbəblər ucbatından belə pozuntular yaşayırlar. Bu insanlar sonradan uşaqlara qarşı zorakılıq meyilləri göstərə bilir. Ən vacib məsələ, bu cür halların qarşısını almaq üçün uşaqların düzgün tərbiyə olunması və daim nəzarətdə saxlanılmasıdır”.
Psixoloq əlavə edib ki, uşaqlara erkən yaşlardan yad insanlara etibar etməmək, onların çağırışlarına səs verməmək və şəxsi sərhədləri qorumaq aşılanmalıdır:
“Valideynlər uşaqlarını nəzarətsiz qoymamalıdır. Biz uşaqlara düzgün toxunuş anlayışını öyrətməliyik. İlk 6 ay ərzində uşağı istədiyimiz kimi əzizləyə bilərik, lakin bu müddətdən sonra uşaq müəyyən məqamları dərk etməyə başlayır. Ona görə də uşaqlara öyrətmək lazımdır ki, yad şəxslərin toxunuşuna icazə verməsinlər”.
Fəridə Musəvi bildirib ki, zorakılığa məruz qalan uşaqlar travmanın fəsadlarını böyüyəndə yaşayır:
“Onlar bu hadisələrin təsirlərini xarakterində və insanlarla ünsiyyətində özündə daşıyır. Cəmiyyət olaraq uşaqların psixoloji təhlükəsizliyini təmin etmək, ailələrin məlumatlılığını artırmaq əsas hədəfimiz olmalıdır”.
Rəşanə İsamqizi
newsbaku.az