Əlilliyi Olan Vətəndaşlara İş və Özünüməşğulluq Dəstəyi Gücləndirilir

image-img_2858backend

İş həyatı hər bir insanın sosial həyatda fəal iştirakının əsas şərtlərindən biridir. Əlilliyi olan şəxslər üçün isə bu, yalnız maddi təminat deyil, həm də cəmiyyətə inteqrasiya, özünüifadə və müstəqillik imkanı deməkdir. Buna görə də onların əmək bazarına çıxış imkanlarının genişləndirilməsi xüsusi əhəmiyyət kəsb edir.

Əmək bazarında əlilliyi olan şəxslərin iş tapması hələ də çətin proses olaraq qalır. İş yerlərində fiziki mühitin uyğunlaşdırılmaması, stereotiplər və məhdud imkanlar onların məşğulluğuna mane olan əsas amillərdəndir.

Azərbaycanda bu istiqamətdə bir sıra dövlət proqramları, layihələr həyata keçirilir və bu baryerləri aradan qaldırmağa çalışılır.

Məsələ ilə bağlı newsbaku.az-ın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumatda bildirilir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirlərinin əsas istiqamətlərindən biri də əlilliyi olan şəxslər üçün məşğulluq imkanlarının yaradılmasıdır.

Bu sahədə aparılan işlərin nəticəsi olaraq bu ilin 7 ayı ərzində Dövlət Məşğulluq Agentliyi həmin kateqoriyadan olan 3,3 min nəfəri münasib işlərlə təmin edib.

Əlilliyi olan 950-dək şəxs isə özünüməşğulluq proqramına cəlb edilib. Onlar proqram çərçivəsində mal və materiallarla təmin olunaraq öz kiçik təsərrüfatlarını qurublar.

Agentlik tərəfindən bu ilin 7 ayında əlilliyi olan 259 şəxs isə əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığına cəlb edilib. Həmçinin gözdən əlilliyi olan 35 şəxs üçün ötən ay xüsusi proqram əsasında kompüter operatoru peşəsi üzrə peşə hazırlığı kursuna başlanıb.

Qeyd edək ki, əlilliyi olan şəxslərin məşğulluq imkanlarının artırılması və onların cəmiyyətə adaptasiyası məqsədilə mütəmadi olaraq layihələr və peşəyönümü məsləhət xidmətləri də həyata keçirilir.

Aynur Abdullayeva

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki