Son illərdə Azərbaycan gəncləri arasında xaricdə təhsilə maraq sürətlə artıb. Təhsil eksperti, Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri Əmrah Həsənli newsbaku.az-a müsahibəsi zamanı bu tendensiyanı şərh edərkən həm müsbət, həm də narahatedici məqamları diqqətə çatdırıb.
Ekspertin sözlərinə görə, xaricdə təhsilə artan maraq qloballaşmanın, informasiya əlçatanlığının və beynəlxalq imkanların genişlənməsinin təbii nəticəsidir. Lakin bu axının arxasında bəzən təhsilə dair qeyri-real yanaşmalar dayanır:
“Bu istiqamətdə atılan addımların bir qismi təhsil motivasiyasına deyil, sosial və psixoloji təzyiqlərə əsaslanır. Təəssüf ki, bəzən xaricdə təhsil məqsədyönlü plan yox, sadəcə bir çıxış yolu kimi seçilir. Bəzən valideynlərin “uşağım xaricdə oxusun” arzusu, ətraf mühitin gözləntiləri, bəzənsə sadəcə sosial mediada “müasir və uğurlu görünmək” ehtiyacı gəncləri düşünmədən qərar verməyə vadar edir. Bu zaman gənc öz maraqlarını, bacarıqlarını, gələcək kariyera planlarını nəzərə almır. Oxuyacağı sahəni deyil, ölkəni seçir. İxtisası deyil, diplomu hədəfləyir. Halbuki xaricdə təhsil yalnız bir yerdə olmaq deyil, eyni zamanda ciddi intellektual, mədəni və psixoloji adaptasiya tələb edən bir həyat yoludur”.
Əmrah Həsənli xüsusilə attestatla qəbul məsələsinə toxunaraq bəzi gənclərdə bunun yanlış təhlükəsizlik hissi yaratdığını vurğulayır:
“Diqqətçəkən bir digər reallıq – attestatla qəbulun yaratdığı yanlış təhlükəsizlik hissidir. Bəzi gənclər düşünür ki, imtahansız, sadəcə attestatla xarici universitetə qəbul olmaq uğurun göstəricisidir. Amma burada bir sual doğur: qəbul olmaq asan ola bilər, bəs davam etdirə biləcəksənmi? Təəssüf ki, bu yolla gedənlərin bir qismi ya təhsili yarımçıq saxlayır, ya da ölkədə tanınmayan diplomla geri qayıdır. Yəni əslində bu “asan yol”, gələcəkdə daha çətin və çarəsiz seçimlərə yol açır”.
Əmrah Həsənli diqqətə çatdırır ki, bəzi gənclər üçün xaricdə təhsil hərbi xidmətdən yayınmaq üçün bir vasitə kimi də istifadə olunur. Onun fikrincə, bu cəmiyyətin və dövlətin birgə diqqət etməli olduğu ciddi məsələdir:
“Hərbi xidmətin mahiyyəti, onun vətəndaşlıq borcu kimi dərk olunmaması, gənclərin təhsildən bir “qalxan” kimi istifadə etməsinə səbəb olur. Burada dövlətin və cəmiyyətin də üzərinə ciddi məsuliyyət düşür: çünki gəncin hərbi xidmətə niyə bu qədər qorxu və narahatlıqla yanaşdığını anlamadan bu problem həll olunmayacaq. Təhsil sistemində və hərbi sistemdə gənclərlə bağlı yanaşmaları daha çevik və fərdiləşdirilmiş etmək lazımdır ki, bu, qaçış deyil, inkişaf vasitəsi kimi görülsün”.
Ə.Həsənli bildirib ki, təhsil bir məqsəd deyil, vasitədir. Əgər o vasitə düzgün seçilmirsə, gənc hansı ölkədə, hansı diplomla oxumağından asılı olmayaraq, özünü itirə bilər.
“Xaricdə təhsil hər kəs üçün deyil, hazır olan üçün faydalıdır. Hər kəsin yolu ali məktəb də deyil. Bəzən peşə təhsili, bəzən iş təcrübəsi, bəzən isə ölkə daxilində fərdi inkişaf imkanları daha real və uyğun olur. Amma bu seçimlər bilinmədikcə, “hər kəs gedir, mən də getməliyəm” düşüncəsi ilə atılan addımlar nəticə etibarilə ya yarımçıq qalır, ya da gəncin həyatında illər itkisi yaradır.
Bu gün bizim gənclərə lazım olan – istiqamətdir. Düzgün yönləndirmədir. Onun şəxsiyyətinə, bacarığına, potensialına uyğun planlamadır. Təhsili məqsədli edən əsas şey – məqsədin özüdür. Bu məqsəd yoxdursa, istənilən xarici universitet – sadəcə təxirə salınmış bir boşluğun ünvanına çevriləcək. Bizim məqsədimiz isə o boşluğu vaxtında və düzgün doldurmaq olmalıdır”,-deyə təhsil eksperti Əmrah Həsənli qeyd edib.
Aynur Abdullayeva
newsbaku.az