Müasir dövrdə elm və ilahiyyat uzun müddət qarşı-qarşıya qoyulan iki sahə kimi qiymətləndirilsə də, bu gün onların qarşılıqlı əlaqəsi və tamamlayıcılığı yeni bir mərhələyə qədəm qoyur. İnsan həyatının mənəvi və rasionallıq tərəflərini bir arada dəyərləndirən cəmiyyətlərdə bu iki sahə arasında körpü rolunu oynayan yanaşmalar ön plana çıxır. Artıq elm təkcə maddi reallıqları deyil, həm də insanın mənəvi ehtiyaclarını anlamaqda ilahiyyatla birgə yol axtarır. Bu tendensiya həm fəlsəfi, həm də praktiki səviyyədə yeni dialoqların yaranmasına səbəb olur.
İlahiyyatçı Ağa Həcibəyli newsbaku.az-a açıqlamasında bildirib ki, nə zaman elm və ilahiyyat vəhdət təşkil edib, həmin cəmiyyətin intellektual səviyyəsində tərəqqi daha ideal formada baş verib:
“Çünki elm bütün tərəqqi zamanında insanın ləyaqətinə nə zaman hörmət göstəribsə, o elm daha faydalı olur. Əks təqdirdə, elmin ədəbini əlindən aldıqdan sonra eyni şəkildə camaatın ləyaqətini də əlindən alır”.
Onun fikrincə, İslam dini elm və əxlaq dinidir və bu anlayışın cəmiyyətin gənc nəsli tərəfindən düzgün mənimsənilməsi radikal meyillərin qarşısını ala bilər:
“Gənc nəsil əgər elmi dinlə birgə oxusa, cəmiyyət daxilində radikalizmə meyillilik müşahidə olunmayacaq. Eyni zamanda daha çox insan elmin ruhuna inanacaq. Müasir gənclərin təfəkküründə dini qucaqlayıcı anlayışlar olsa, dünyanın hər tərəfindən birləşdirici əlləri görə bilərik”.
Jalə Qulliyeva
newsbaku.az