Bakıdan Regionlara Gedən Avtobusların 30%-i Yenilənib – AYNA

image-img_2845backend

Regionlar üzrə müntəzəm hərəkət edən köhnə və kondisionersiz avtobuslarda səyahət xüsusən yay aylarında sərnişinlər üçün ciddi narahatlıq yaradır.

Məsələ ilə bağlı newsbaku.az-ın sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov bildirib ki, Bakı şəhərindən respublikanın müxtəlif şəhər və rayonlarına fəaliyyət göstərən marşrut xətləri üzrə indiyədək keçirilmiş müsabiqələr əsasında sərnişindaşıma fəaliyyətinə 92 yeni və müasir avtobuslar cəlb edilib.

image-img_2846

Bu, avtobus parkının təxminən 30%-nin yeni və müasir nəqliyyat vasitələri ilə əvəz olunması deməkdir.

“Bakı-Bərdə və Bakı-Tərtər istiqamətləri üzrə bütün müsabiqələr bitib və keçirilmiş müsabiqələr nəticəsində mövcud avtobus parkı tamamilə (100%) yenilənərək müasir və komfortlu nəqliyyat vasitələri ilə əvəz olunub.

Bakı-Mingəçevir istiqaməti üzrə keçirilmiş müsabiqələr nəticəsində mövcud avtobus parkının təxminən 45%-i müasir və komfortlu nəqliyyat vasitələri ilə əvəz edilib.

Bakı-Gəncə və Bakı-Zaqatala istiqamətləri üzrə keçirilmiş müsabiqələr nəticəsində mövcud avtobus parkının təxminən 40% yenilənməsinə nail olunub.

Ölkənin şimal istiqaməti üzrə də bütün müsabiqələr bitib. Quba, Qusar, Xaçmaz, Xudat, Şabran və Siyəzən istiqamətləri üzrə reyslərə 19 yeni və müasir nəqliyyat vasitəsi cəlb olunub. Bu, avtobus parkının 22,6%-nin yenilənməsi deməkdir.

Keçirilmiş müsabiqələr nəticəsində daşımalara “Neoplan”, “Man”, “King Long” və “Temsa” markalı nəqliyyat vasitələri cəlb edilib”,– deyə Tural Oruc qeyd edib.

Aynur Abdullayeva

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki