Gələcəyə yönəlmiş maliyyə planlamasında ağıllı investisiyalar mühüm əhəmiyyət kəsb edir və hər zamankı kimi aktuallığını qorumağa davam etdir.
Mövzu ilə bağlı iqtisadçı ekspert Günay Hüseynova newsbaku.az–a açıqlamasında bir sıra vacib məqamlara toxunub və oxucularımızla dəyərli məsləhətlərini bölüşüb.
Ekspertin sözlərinə görə, yatırım anlayışı sadəcə pul, əmlak və ya qiymətli metallar ilə məhdudlaşmamalıdır. “Yatırım hər kəsin təfəkkürünə görə müxtəlifdir. Bu, yalnız maddi vəsaitlə deyil, bilik və bacarıqlara edilən sərmayə ilə də ölçülə bilər. Məsələn, insanın öz təhsilinə, elminə, peşə inkişafına yönəltdiyi vəsait də bir növ gəlir gətirən yatırımdır”, – deyə Günay Hüseynova bildirib.
Ağıllı yatırımın necə olması sualına cavab verən ekspert qeyd edib ki, qlobal iqtisadiyyatda pulun dəyərsizləşməsi fonunda insanlar daha çox gəlir gətirəcək sahələrə yönəlməyə çalışırlar. Lakin burada vahid bir model yoxdur:
“Biz ekspertlər ümumi şəkildə deyə bilmərik ki, “bu sahəyə investisiya yatırın bu müddətdə 100% qazanc əldə edəcəksiniz”. Burada bir neçə amil nəzərə alınmalıdır: şəxs gəliri hansı müddətdə əldə etmək istəyir – qısa, orta yoxsa uzun müddətli? Passiv gəliri varmı? İnvestisiyanın likvidliyi nə dərəcədədir? Və ən əsası, həmin şəxsin maliyyə savadlılığı varmı?”
G.Hüseynova bildirir ki, maliyyə savadlılığı olmayan şəxslər riskli sahələrə deyil, daha sabit və real sektorlara yatırım etməlidirlər: “Ən risksiz sahələrdən biri daşınmaz əmlak sektorudur. Əgər şəxs analitiklə işləmək istəmirsə, yatırımını bu kimi real sahələrə yönəltməsi tövsiyə olunur”.
Ekspert həmçinin investisiya portfelinin şaxələndirilməsinin də vacibliyinə toxunur: “Əgər şəxsin müəyyən qədər maliyyə biliyi və vəsaiti varsa, investisiyanı müxtəlif istiqamətlərə yönəldə bilər – bank əmanətləri, istiqrazlar, səhmlər və ya bildiyi sahədə biznes yatırımı şəklində”.
Sonda isə Günay Hüseynova sosial şəbəkələrdəki saxta yatırım təkliflərinə qarşı vətəndaşları diqqətli olmağa çağırıb: “ ‘Bu qədər yatır, bu qədər qazan’ və ya ‘kripto bazarını pulsuz öyrədirik’ kimi saxta yazılanlara inanmasınlar. Əgər bu şəxslər həqiqətən də böyük məbləğ qazansaydılar sosial şəbəkələrdə vətəndaşların qəpik-quruşuna möhtac qalıb ‘müştəri’ axtarmazdılar”.
Aynur Abdullayeva
newsbaku.az