Əmlak bazarında baş verən son dəyişikliklər xüsusilə kirayə sektorunda özünü daha qabarıq şəkildə göstərir.
Mütəxəssislər bildirirlər ki, bu bahalaşma təsadüfi deyil və müxtəlif iqtisadi və sosial amillərlə bağlıdır. Bəs kirayə qiymətlərindəki bu yüksəliş nədən qaynaqlanır? Mütəxəssislər mövcud vəziyyəti necə izah edir və yaxın gələcək üçün hansı proqnozları verirlər?
Məsələ ilə bağlı newsbaku.az -a iqtisadiyyat üzrə fəlsəfə doktoru Günay Hüseynova açıqlama verib:
“Kirayə evlərin qiyməti həm tələbə uyğun olaraq mövsümi, həm də mal və xidmətlərin qiymətinə əsasən artır. Bu kimi artımlar ilin bu dönəmi üçün gözləniləndir. Bundan əlavə, ev alqı- satqısındakı artım da kirayə bazarına öz təsirini göstərir.
Qiymətlərin hazırda artmasına səbəb ilk növbədə tələbə bağlıdır. Universitetlərə imtahanlar artıq bitib. İxtisas seçimi mərhələsidir. Paytaxt bakı ilə birgə universitetlərin və onların filiallarının olduğu şəhərlərdə də kirayə bazarı ilə bağlı qiymət artımı mövcuddur. İldən ilə Paytaxt Bakıya əhalinin kütləvi axını artır, buna səbəb də regionlardakı işsizlik problemi ilə bağlıdır. Bu da qiymətə təsir edən faktorlar arasındadır.
Qiymətlər ildən ilə nə qədər yüksəldə də tələb də ilbəil artmaqdadır. Bundan əlavə bir sıra şəxslərin gəlir mənbəyi kirayədir.
Market və bazarda qiymətlər həftədə və ya ayda dəyişir bu da alıcının büdcəsinə təsir göstərir onun üçün də ildə bir dəfə kirayə qiymətinin bu səviyyədə yüksəlməsi normal hesab olunur.
G.Hüseynova bildirib ki, kirayə bazarına dövlət nəzarətinə qaldıqda isə qiymətlərlə bağlı konkret olaraq qanun layihəsi yoxdur.
“Ölkəmizdə azad bazar iqtisadiyyatı hökm sürür, yəni ya dövlət ya biz iqtisadçılar və ya sıravi vətəndaş ev sahibinə deyə bilmərik ki, evi niyə bu qiymətə təklif edirsən? Lakin qanunun tələblərinə əsasən ev sahibi evini kirayə verirsə demək ki gəlir əldə edir. Əldə etdiyi gəliri müvafiq olaraq da kirayə müqaviləsi bağlamalı və gəlir vergisi ödəməlidir. Təəssüf ki, bununla bağlı ciddi nəzarət yoxdur və müəyyən çətinliklər var. Mütəmadi olaraq sahə polisləri tərəfindən qeydiyyatla bağlı yoxlamalar aparılır və müəyyən cərimələr yazılır, lakin bu da yetərsizdir.
Xarici ölkələrin təcrübəsində bu prosedur fərqlidir. Türkiyədə nümunə olaraq kommunal xidmətlər kirayə qalan şəxsin adına olmalı və qaz, su, işıq üçün həmin şəxs depozit ödəməlidir. Əgər bir gün yaşayış yerini dəyişərsə, müraciət edir, onun adına olan komunallar bağlanır, depozit onun ərizəsindəki qeyd etdiyi bank hesabına 7 gün müddətində qaytarılır.
Əgər komunal xidmətlər ev sahibinin adınadırsa, komunal xidmətlər qurumu vergiyə məlumat verir, vətəndaş vergi idarəsinə dəvət olunur və cərimə yazılır. Bir vətəndaş bir evdə yaşayırsa və əgər onun adına olan iki evdən də iki sayğac pul yazıbsa, demək evlərdən biri kirayədir. Həmin vətəndaş deyə bilər ki, müxtəlif günlərdə hər iki evdə özüm yaşamışam. Bu zaman da sərfiyyatlar qarşılaşdırılır və ya müəyyən müddət digər evində yaşayırsa, elektron hökumət portalından, qurumdan müvəqqəti yaşayış yerini dəyişməlidir.
Bu sistemin tətbiqinin ölkəmizdə olması kirayə verən tərəfindən də sərfəli olar, çünki bir çox vaxt şahidi oluruq ki, kirayəçi evi bərbad vəziyyətə qoyub gedir və ya əşyaları oğurlayır və ya komunal xidmətlərdən istifadə edib pulu verməyib mənzili tərk edir. Bu kimi neqativ halların qarşısının alınması üçün qanuni prosedur məqsədə uyğun hesab edilir.
Qiymətlərlə bağlı dövlət nəzarəti o zaman olardı ki, həmin evin alınmasında dövlət dəstəyi olsun. Vətəndaş öz büdcəsi ilə nəğd və ya kredit yoluyla ev alıb istədiyi qiymətə təklif edə bilər.
Vergi ödəməyən ev sahiblərinin bazara təsirinə qaldıqda onların qiymət artımı bazara hal hazırda ciddi təsir göstərmir. Yəni konkret qanun layihəsi olsa da ev sahibi buna məhəl qoyan deyil ən yaxşı halda evi boş qalar, ancaq istəmədiyi təklif olunan qiymətə verməz”.
Ekspert həmçinin qeyd edib :
“Tələbə yataqxanalarının sayındakı məhdudiyyət və yüksək qiymətlərə qaldıqda isə bunu illərdir deyirəm, yenə deyirəm və valideyinlərə səslənirəm əgər büdcə imkan paytaxt bakı üçün uyğun deyilsə, yaxın regionlardakı universitetlərə müraciət etsinlər. Minlərlə tələbə varki illik təhsil haqqını və ya kirayəni ödəyə bilmir. Yəni hazırkı reallığı görüb, sonradan şikayətlənmək yersizdir.
Regionlardakı təhsil heç də paytaxt bakıdan geri qalmır. Məgər ən yüksək bal toplayan həmin rayon, kənd tələbələri deyil? Mingəçevir, Gəncə, Lənkəran, Qubada digər şəhərlərdə də universitetlər var. Nə kirayə haqları, nə də gündəlik xərclər paytaxt bakıdakı kimi yüksəkdir”.
Aynur Abdullayeva
newsbaku.az