Daha çox, daha yeni, daha bahalı… Müasir insan sanki bitib-tükənməyən bir istehlak yarışı içindədir.
İstehlak çılğınlığı, insanların ehtiyaclarından artıq, davamlı və nəzarətsiz şəkildə alış-veriş etməsi, mal və xidmətlərə həddən artıq pul xərcləməsi halıdır. Bu vəziyyət, əsasən reklamların təsiri, sosial təzyiqlər və status qazanmaq arzusu ilə bağlı olur. Nəticədə insanlar maddi sıxıntı yaşayır, ətraf mühitə ziyan dəyir və davamlı istehlak vərdişi formalaşır.
İnsanlar kim olduqlarını deyil, nə aldıqlarını nümayiş etdirməyə çalışırlar. Bu məqalədə istehlak çılğınlığının psixoloji, sosial və mədəni köklərinə nəzər salacağıq.
Sosioloq və fəlsəfə doktoru Mail Yaqub newsbaku.az -a müsahibəsində məsələyə aydınlıq gətirib.
O, bildirib ki, insan yaranandan bəri müxtəlif situasiyalarda özünü təstiq etmək istəyir.
“Biz deyirik ki, kapitalizm 17-ci əsrdən sonra başlayıb və 19-cu əsrdə güclənib. Bəs orta əsrlərdə yaranan memarlıq nümunələri nədir? Renessans dövründəki rəssamlıq nümunələri nədir? Xeyr, özünü təsdiq kapitalizmə bağlı deyil. Özünü təsdiq anlayışı lap əvvəldən mövcuddur. Bütün insanlar — istər şərqli, istərsə də qərbli — müxtəlif situasiyalarda, sahələrdə, hətta bəzən müharibələrdə belə, özünü təsdiq nümunəsini göstərirlər.
Kapitalizm sadəcə istehlakı artırdı və istehlak artdıqca istehsal da çoxaldı. Kapitalizm nəyin bahasına olursa olsun kapitalı, sərmayəni, pulu artırmaq sevdasındadır. Buna görə də mənəvi və insani dəyərlər alt-üst oldu, onların yerini kapital və sərmayə tutdu. Harada ki, sərmayə eşqi var, orada dəyərlərdən söhbət gedə bilməz. Bu səbəbdən kapitalizm, eyni zamanda, insanın özünü təsdiq axtarışını da gücləndirdi.
Müasir insan alış-verişə fiziki olaraq məcbur edilmir, psixoloji olaraq məcbur edilir. XX əsrin əvvəllərində Frankfurt məktəbi yarandı və onlar bildirdilər ki, əyləncə sənayesi kapitalizm tərəfindən alış-verişin çoxalması məqsədi ilə yaradılıb. Kapitalizm məhsulları o qədər cəlbedici şəkildə təqdim edir ki, insan onu almağa məcbur hiss edir.
Məsələn, sizə 5 manat dəyərində bir məhsul lazımdır. Bu məqsədlə supermarketə gedirsiniz və böyük, yaraşıqlı, işıqlı supermarketdə məhsullar elə cərgələnib, elə estetik formada təqdim olunub ki, ehtiyacınız olmayan məhsulları da sizə sata bilir”.
Sosioloq həmçinin sosial şəbəkələrin istehlak çılğınlığındakı rolundan bəhs edib:
“Sosial şəbəkələrin reklamlarda və təqdimatlarda böyük rolu var. Bir var ki, siz məhsulu yalnız supermarketlərdə görürsünüz — nə qədər ki, supermarketə daxil olmamısınız, məhsulu da görmürsünüz. Amma sosial şəbəkələr sanki böyük bir supermarketə çevrilib və həmin məhsullar daim qarşımıza çıxır. Buna görə də tam azad olmaq üçün yeganə çarə sosial şəbəkələrdən uzaq durmaqdır.
Keçmişlə müqaisədə daha çox seçim imkanımız var. Bəs niyə müasir insan daha az məmnundur? Bu onu göstərir ki, daha çox alış-veriş etmək insanı xoşbəxt etmir. Eksperimentlər göstərir ki, müəyyən situasiyalarda alış-veriş etmək insanı depressiyadan çıxara bilər. Lakin bu o demək deyil ki, hüdudsuz alış-veriş imkanına malik insanlarda heç vaxt depressiya olmur, onlar həyatdan tam məmnundurlar. Xeyir, bu doğru deyil. Bu o deməkdir ki, xoşbəxtlik ünvanı təkcə alış-verişdə deyil, başqa yerdədir. Bəzən insan ehtiyaclı ailələrə kömək etməklə, pul xərcləməklə həyatda xoşbəxt ola bilər. Daniel Qoleman bunu “Emosional zəka” adlı kitabında qeyd edir”.
Mail Yaqub “ İnsanlar özlərini niyə markalarla identifikasiya edirlər və bu nə ilə nəticələnə bilər?” sualımıza belə cavab verib:
O həmçinin qeyd edib ki: “Minimalizm, kapitalizmin çoxluğuna qarşı bir üsyan deyil. Mənim müşahidəmə görə, minimalizm elə kapitalizmin öz “övladıdır”. Kapitalizm minimalizmi də bir növ “satmaq” istəyir. Hələ ki, qlobal miqyasda minimalizmin effektivliyi müşahidə olunmur”.
“İstehlak çılğınlığının qarşısını almaq çox çətindir, o rəngarənglikdən, çeşidlilkdən qaçmaq çox çətindir. Lakin mümkünsüz deyil. Birinci növbədə sosial şəbəkələrə olan münasibətimizi dəyişməliyik, yəni saatlarla sosial şəbəkələrdə vaxt keçirdikdə bu rəngarəngliyin içində itib-batırıq. Ailəmizlə, dostlarımızda, özümüzlə daha çox vaxt keçirməliyik. Bu mütləqdir ki,bizi xilas edəcək, o ifrat istehlakdan. İbadət ediriksə, ibadətlə məşğul olmaq, mütailə etmək, sakitliyə çəkilmək, idman etmək, ətrafımızı düzgün seçmək lazımdır”,-deyə sosioloq bildirib.
Aynur Abdullayeva
newsbaku.az