Media savadlılığı tədris proqramına daxil edilməməlidir…

image-whatsapp-image-2025-08-08-at-14-43-34backend

Media savadlılığı ilə bağlı müzakirələr daim gündəm mövzusu olmuşdur. Media savadlılığı tənqidi düşüncə formasına əsaslanıb, fərdin analizetmə, araşdırma bacarıqlarının inkişafına yönəlmişdir.

Bəzi təhsil ekspertlərinin və mütəxəssislərin fikrincə media savadlılığı orta məktəblərin tədris proqramına salınmalıdır. Bu, şagirdlərin erkən yaşlarından medianı anlamağına və tənqidi təfəkkür tərzinin formalaşması ilə nəticələnə bilər ki, bu da yeni bir media inqilabının formalaşmasına gətirib çıxara bilər.

Bəs media savadlılığı bir fənn kimi dərsliklərə salınmalıdırmı?

Mövzu ilə bağlı newsbaku.az-a açıqlama verən təhsil eksperti Elçin Murad bildirib ki: “Orta məktəblərdə media savadlılığı prosesinin bir proqram kimi salınması və dərslik kimi formalaşdırılması tamamilə yanlış bir düşüncədir. Çünki, indiki situasiyada media, hər kəs üçün əlçatandır. Sadəcə bizim cəmiyyətdə media anlayışı bir az zəifdir. Bu fənn, şagirdin dərs yükünü artırmaqdan, əlavə kitab çapının ərsəyə gəlməsindən başqa bir düşüncə deyil və buna vəsait ayırmaq lazımsızdır. Müəyyən bir mərhələdə özünü doğruldana qədər, Elm və Təhsil Nazirliyi, Radio və TV Şurası ilə müzakirələr aparmalı və müvafiq media orqanları ilə müqavilələr imzalamalıdır. Onların təyin etdiyi nümayəndə heyəti, orta məktəblərdə ildə bir neçə dəfə seminarlar təşkil etməli, şagirdlərlə müzakirələr aparmalı, onların beynində media anlayışını formalaşdırmalıdır. Bundan sonra bəlli çərçivədə media savadlılığını proqrama daxil edə bilərik. Amma hazırda, araşdırmadan bunu daxil etmək düşünürəm ki, yanlış olar. Bu gün biz orta məktəblərə fikir verəndə müəyyən bir çərçivədən kənara çıxılmanın şahidi oluruq, yəni çox anlamsız bir yanaşma var. Şagirdlərin dərs yükü onsuz da çoxdur, bu da onları həddən artıq yorur. Proqrama bu fənni də əlavə etmək şagirdin bütün həvəsini öldürür və şagird düşünür ki, “tez bir zamanda məktəbi bitirib gedim.” Halbuki orta məktəb bir mədəniyyət ocağıdır. Hər bir fərd orda formalaşıb cəmiyyətə qazandırılır. Ona görə də media savadlılığını, media anlayışını şagirdlərin şüurunda formalaşdırıb sonra proqrama daxil etmək haqda düşünmək olar. Bu isə sonrakı illərdə şagirdlərin jurnalistika ixtisasına üstünlük vermələri ilə nəticələnə bilər.”

Paşa Nuru

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki