Son illər Azərbaycanda aşağı sinif şagirdlərinin müxtəlif hazırlıq kurslarına və fərdi repetitor yanına yönləndirilməsi artıq adi hala çevrilib. Erkən yaşlardan başlayan bu proses valideynlər tərəfindən uşağın gələcəyi üçün atılmış qabaqlayıcı addım kimi qiymətləndirilsə də, əslində bu tendensiyanın kökündə daha dərin və sistemli problemlər dayanır.
Bu meylin geniş vüsət alması bir çox sualları da özü ilə gətirir: Məktəbin rolu nə dərəcədə yetərlidir? Təhsil sistemi uşağın inkişaf ehtiyaclarını qarşılayırmı? Əlavə dərslər uşaqların psixoloji durumuna necə təsir edir? Və ən əsası – bu tendensiya uşaqlar üçün bir fürsət, yoxsa yükdür?
Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli bu aktual mövzu haqqında newsbaku.az-a açıqlama verib:
“Aşağı sinif şagirdlərinin artıq erkən yaşlardan kurslara və repititorlara üz tutması bu gün cəmiyyətimizdə geniş yayılmış və getdikcə daha da dərinləşən bir təhsil tendensiyasıdır.
Məsələyə sadəcə fərdi seçim kimi deyil, daha geniş – sistemli, sosial və pedaqoji bir kontekstdə baxmaq lazımdır. Çünki bu halın yaranmasının arxasında bir çox səbəblər dayanır və nəticələri həm uşağın psixoloji inkişafına, həm ailələrin sosial yükünə, həm də ümumi təhsil sisteminə təsir göstərir.
Əvvəla qeyd edilməlidir ki, aşağı siniflərdə təhsil alan uşaqların əlavə hazırlıq kurslarına yönləndirilməsi böyük ölçüdə valideynlərin təhsil anlayışına və gözləntilərinə bağlıdır. Bir çox valideynlər uşaqlarının “geri qalmaması”, “daha yaxşı gələcək qazanması” və “rəqabətə davamlı olması” üçün erkən yaşdan repetitor dəstəyi ilə üstünlük qazandırmağa çalışır. Bu yanaşma müəyyən hallarda faydalı nəticələr versə də, əksər hallarda uşağın yaş xüsusiyyətlərini, inkişaf mərhələlərini və psixoloji ehtiyaclarını nəzərə almadan tətbiq olunur. Nəticədə, uşaqlarda məktəbə qarşı maraq azalır, öyrənmə prosesi bir zövq və inkişaf vasitəsi yox, sadəcə “tapşırıqları yerinə yetirmək” öhdəliyinə çevrilir”.
Əmrah Həsənli qeyd edib ki:
“Bu meylin arxasında məktəb sistemindəki bəzi struktur və məzmun problemləri də dayanır. Tədris proqramlarının bəzən şagirdlərin yaş səviyyəsinə uyğun olmayacaq qədər yüklü olması, qiymətləndirmə mexanizmlərinin bəzən nəticə yönümlü, amma prosesə dəyər verməyən formada tətbiqi, eləcə də müəllimlərin hər şagirdə fərdi yanaşmaq imkanlarının məhdudluğu valideynləri alternativlər axtarmağa vadar edir. Nəticə etibarilə, məktəb öz funksional mahiyyətindən bir qədər uzaqlaşır, təhsil isə formal çərçivədən kənarda – ödənişli, fərdi müstəvidə davam etdirilir.
Burada başqa bir mühüm məqam da sosial bərabərsizliyin dərinləşməsidir. Əgər bir ailənin imkanı varsa, övladını erkən yaşdan həm məktəbə, həm kursa yönləndirə bilir, digər ailələr isə yalnız məktəbdən asılı qalır. Bu isə zamanla iki fərqli təhsil təcrübəsi və nəticə olaraq iki fərqli sosial təbəqənin formalaşmasına səbəb ola bilər. Təhsil sistemi isə hər bir uşağa bərabər imkanlar yaratmalı olduğu halda, qeyri-rəsmi şəkildə bu balansı itirir.
Bütün bu məsələlər fonunda diqqət çəkən bir digər vacib amil isə uşaq hüquqları və onların inkişaf dinamikasına yönəlik yanaşmadır. Uşaqlar oyunla, təcrübə ilə, sual verməklə və səhv etməklə öyrənməlidirlər. Lakin hazırkı təmayül onların təbii öyrənmə formasını yox, daha sərt, nəticəyönlü və performansa əsaslanan sistemə salır. Bu da uşaqlarda erkən yaşdan stress, yorğunluq, öyrənməyə qarşı istəksizlik kimi hallara səbəb ola bilər”.
Ekpert düşünür ki :
“Əsas məsələ bu tendensiyanı tamamilə qadağan etmək deyil, onun arxasında duran səbəbləri anlamaq və sistemli şəkildə həll yolları tapmaqdır. Məktəblərdə fərdi yanaşma, interaktiv və şagirdmərkəzli dərs metodlarının tətbiqi, müəllimlərin psixopedaqoji hazırlığının gücləndirilməsi, valideynlərlə maarifləndirici işlərin aparılması və ən nəhayət, uşağın rifahını və marağını ön planda tutan bir təhsil fəlsəfəsinin təşviqi bu istiqamətdə atıla biləcək mühüm addımlardandır.
Əgər aşağı sinifdən başlayaraq hər şagirdə “əlavə kursa getməlisən” düşüncəsi aşılanırsa, burada həm sistem, həm ailə, həm də cəmiyyət olaraq ciddi bir sual qarşısındayıq: biz uşaqları bilikli, bacarıqlı və xoşbəxt fərdlər kimi yetişdiririk, yoxsa sadəcə rəqəmlərlə ölçülən nəticələrə fokuslanırıq?
Bu sual ətrafında düşünmək və cavab tapmaq artıq zaman məsələsi deyil, təcili sosial məsuliyyət məsələsidir” , – deyə əlavə bildirib.
Aynur Abdullayeva
newsbaku.az