Psixoloqdan valideynlərə çağırış : “Uşaqlarınızı susdurmaq üçün telefon verməyin!”

image-whatsapp-image-2025-08-07-at-16-00-09-1backend

Son illər uşaqlıq anlayışı köklü şəkildə dəyişib. Əvvəllər torpaqla oynayan, küçələrdə qaçan və ağaclara dırmaşan uşaqların yerini bu gün planşet qarşısında susqun və passiv şəkildə oturan uşaqlar alıb. Mütəxəssislər bu dəyişimin təkcə texnoloji inkişafla deyil, valideynlərin seçimləri və həyat tərzinin dəyişməsi ilə də bağlı olduğunu bildirirlər.

Mövzu ilə bağlı Psixoloq Şərəbanı Abbasova newsbaku.az-a müsahibəsində qeyd edib ki, oyun uşağın yalnız əyləncə vasitəsi deyil, həm də sosiallaşma, duyğularını ifadə etmə və ətrafını anlama prosesinin əsas hissəsidir. Onun fikrincə, oyun uşağın dili və dünyanı anlama formasıdır, lakin ekran bu funksiyanı yerinə yetirmir.

image-whatsapp-image-2025-08-07-at-16-00-09

“Ekran uşağı passiv izləyiciyə çevirir. Bu isə zamanla diqqət pozuntusu, sosial təcrid, emosional soyuma və aqressiv davranışlarla özünü büruzə verir,” – deyə psixoloq vurğulayır.

Ş. Abbasova qeyd edir ki :

“Psixoloq olaraq uzun illərdir müşahidə edirəm ki, ekranla həddindən artıq təmasda olan uşaqlarda danışıqda ləngimə, ünsiyyət problemi, empatiya əskikliyi, yuxu və davranış pozuntuları artır. Çünki uşaq öz duyğularını ekran qarşısında deyil, oyun zamanı ifadə edə bilir. Təsəvvür edin, bir uşaq oynayarkən güclü hiss edir, qayda öyrənir, uduzmağı və qazanmağı dərk edir. Bu bacarıqlar ekranda yox, həyatda formalaşır.”

Psixoloq texnologiyanın tamamilə qadağan edilməsinin mümkün olmadığını, lakin balanslı və nəzarətli istifadənin vacib olduğunu bildirir. Onun valideynlərə çağırışı belədir:

“Uşağınızı susdurmaq üçün telefon verməyin. Onunla danışın, oyun oynayın, birlikdə vaxt keçirin. Ekran keçici bir rahatlıq, oyun isə qalıcı inkişaf vasitəsidir.”

Şərəbanı Abbasova xəbərdarlıq edir ki, əgər bu tendensiya davam edərsə, gələcəkdə duyğularını tanımayan, empatiya qurmaqda çətinlik çəkən və real həyatdan uzaqlaşmış bir nəsillə qarşılaşa bilərik. Onun fikrincə, bu gün atılan addımlar sabahın sağlam cəmiyyətini formalaşdırmaq baxımından həlledicidir.

Aynur Abdullayeva

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki