Statistika göstərir ki, son 10 ildə Azərbaycanda regionlarda yaşayan gənclərinin şəhərə köçü rekord həddə çatıb.
Gənclər niyə regionları tərk edir? Azərbaycanda regionlar üzrə işsizlik hansı səviyyədədir? Problemi aradan qaldırmaq üçün hansı tədbirlər görülməlidir?
Bu araşdırmada mövcud suallara cavab axtarılır.
Dövlət Statistika Komitəsi newsbaku.az-ın sorğusuna cavab olaraq, təqdim etdiyi siyahıya görə, ölkənin müxtəlif iqtisadi rayonlar və inzibati ərazi vahidləri üzrə qeydiyyatda olan işsiz əhalinin sayı aşağıdakı kimidir:
Abşeron–Xızı iqtisadi rayonu – 22 974 nəfər,
Dağlıq Şirvan iqtisadi rayonu – 8 388 nəfər,
Gəncə–Daşkəsən iqtisadi rayonu – 19 785 nəfər,
Qarabağ iqtisadi rayonu – 22 873 nəfər,
Qazax–Tovuz iqtisadi rayonu – 17 425 nəfər,
Quba–Xaçmaz iqtisadi rayonu – 17 417 nəfər,
Lənkəran–Astara iqtisadi rayonu – 28 023 nəfər,
Mərkəzi Aran iqtisadi rayonu – 23 530 nəfər,
Mil–Muğan iqtisadi rayonu – 14 690 nəfər,
Şəki–Zaqatala iqtisadi rayonu – 16 131 nəfər,
Şərqi Zəngəzur iqtisadi rayonu – 10 865 nəfər,
Şirvan–Salyan iqtisadi rayonu – 15 448 nəfər.
Bu statistika regional əmək bazarındakı vəziyyəti qiymətləndirmək və işsizliklə mübarizə tədbirlərini daha məqsədyönlü şəkildə planlaşdırmaq baxımından mühüm əhəmiyyət kəsb edir.
Mövzu ilə əlaqədar olaraq müsahibimiz iqtisadçı ekspert Natiq Cəfərli öz fikirlərini bölüşüb:
“Azərbaycanda Regionlarda işsizliklə bağlı doğru-dürüst statistikanı tapmaq çətindir. Çünki bizdə rəsmi işsizlik 5% civarıdır. Bu isə dünya ortalamasında normal qəbul edilir.
Bildiyimiz kimi ölkəmizdə yalnız qeydiyyata düşməklə rəsmi olaraq işsiz sayılmaq mümkündür və işsiz vətəndaşların çoxu bunu etmir. Ona görə də regionlarda gənclərin böyük əksəriyyəti təəssüf ki, Bakıya üz tutur. Çünki Bakıda daha çox iqtisadi fürsətlər — iş yerləri var.
Hazırda paytaxtımızda rayon qeydiyyatında olan yüzminlərlə insan yaşayır. Ona görə də sıxlıq müşahidə olunur. Bu, böyük bir problemdir. Hökumətin regionlarda yaşayan gənclərin işlə təmin olunması üçün ayrıca xüsusi bir proqramın qəbul olunmasına və düzgün yerinə yetirilməsinə ehtiyacı var.
Bu çox vacibdir, çünki istənilən halda gənclərin rayonlardan Bakıya və yaxud xaricə axın etməsi ölkənin iqtisadi potensialına və regionların inkişafına ciddi ziyan vurabiləcək bir amildir”.
Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən aldığımız məlumata görə regiondakı gənclərin işlə təmin olunması istiqamətində mühüm addımlar atılmışdır.
Qeyd olunub ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin aktiv məşğuluq tədbirlərinin hədəflərindən biri də gənclərin məşğulluğunun təminatı və kiçik biznesə çıxışının dəstəklənməsidir. Gənclərin məşğulluq imkanlarının artırılması üçün layihələr həyata keçirilir, eyni zamanda aktiv məşğulluq tədbirlərinin icrası zamanı gənclərə də üstünlük verilir.
“Görülən işlərin davamı olaraq ötən il Agentlik tərəfindən 55,1 min nəfər işlə təmin edilib, 2,3 min gəncə isə özünüməşğulluq proqramı çərçivəsində aktivlər təqdim edilərək onlar üçün kiçik bizneslər yaradılıb. Qurumun təşkil etdiyi peşə hazırlığı kurslarına son bir ildə 7,7 mindən çox gənc cəlb olunaraq, onlara müasir əmək bazarının tələblərinə uyğun peşələr öyrədilib. Cari ilin I yarımili ərzində isə 28,3 min gənc işlə təmin olunub, 1643 nəfər özünüməşğulluq proqramına, 3 minə yaxın gənc peşə hazırlığına cəlb edilib.
Gənclərin əmək bazarının tələblərinə uyğun peşə və ixtisas seçiminə, peşə maraqlarının formalaşmasına dəstək göstərilməsi, onların əmək bazarı, tələb olunan ixtisaslar barədə məlumatlılığının artırılması üçün peşəyönümlü məsləhət xidmətləri də həyata keçirilir və ötən il əsasən gənclərdən ibarət 204 min şəxs bu xidmətlərdən yararlanıb.
Gənclərin məşğulluq məsələlərinin həlli üçün agentlik tərəfindən bir sıra layihələr də icra olunur. Onlardan biri kimi, son illərdə Dövlət Məşğulluq Agentliyi və İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə dəstəyi ilə həyata keçirilən “Səyyar kofe evləri” layihəsi çərçivəsində Bakı şəhəri və Abşeron rayonu üzrə barista sahəsində çalışmaq istəyən bir qrup gənc üçün səyyar kofe satışı istiqaməti üzrə kiçik bizneslər qurulub. Hazırda “Səyyar Kofe Evləri – Regionlarda” layihəsi də icra olunur. Layihə Göygöl, Quba, Qəbələ, Şəki, Şəmkir, İsmayıllı, Şamaxı, Laçın rayonlarını, Gəncə və Şuşa şəhərlərini əhatə edir.
Bundan başqa son illər gənclərin məşğulluğuna dəstək yönümlü bir sıra layihələr – Dövlət Məşğulluq Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə icra etdiyi “Gənclərin biznes emalatxanası”, “İrəliləyİŞ”, “Biznesini Yarat Marafonu”, “Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı, “Turistik Kənd” və digər layihələri, həmçinin gənclərin də fəal iştirak etdiyi “Kəndlərdə heyvandarlıq sahəsində ailə biznesinin və özünüməşğulluğun inkişafı” layihəsi icra olunub.
Son illər paytaxt və müxtəlif bölgələrimizdə hər il keçirilən Peşə Festivalı isə əsasən gənclərdən ibarətdir. İştirakçıların peşələri üzrə bacarıqlar və sahələri üzrə inkişaf etməyin yolları, gələcəkdə əmək bazarının necə formalaşacağı barədə məlumatlılığının artırılmasında, peşələrlə əyani şəkildə tanışlığında önəmli rol oynayır.
Həmçinin Bakı və bölgələrdə gənclər üçün vebinarlar, konfranslar, karyera sərgiləri və yarmarkalar təşkil olunur, “Alo karyera” dəstək xidməti fəaliyyət göstərir. Gənclər bu tədbirlərdə karyera planlaması, düzgün ixtisas/peşə seçimi, iş axtarışı yolları, CV, istək məktubunun hazırlanması, müsahibəyə hazırlıq və s. mövzular üzrə məlumatlandırılırlar”, – deyə bildirilib.
Araşdırmadan çıxan nəticəyə əsasən deyə bilərik ki, gənclərin şəhərə axını arxasında dərin sosial-iqtisadi səbəblər dayanır. Təhsil, karyera və inkişaf imkanlarına çıxış əldə etmək üçün şəhərə üz tutan gənclər, əslində daha yaxşı bir həyat qurmağa çalışırlar.
Problem gənclərin şəhərə getməsində deyil, bölgələrin boşalmasındadır. İşsizlik isə bu axının əsas səbəbidir. Dayanıqlı məşğulluq yaradılmadıqca, yalnız kəndlər yox, regional inkişafın özü də tənəzzülə uğrayacaq.
Gəncləri saxlamaq üçün deyil, onların qalmaq istədiyi bir mühit yaratmaq üçün addımlar atılmalıdır.
Aynur Abdullayeva
newsbaku.az