Bakı şəhərində fəaliyyət göstərən 211 nömrəli marşrut xətti ilə bağlı sərnişinlərin narazılığı artmaqdadır. Hər gün bu xəttdən istifadə edən sakinlər avtobusların hərəkət qrafikinə əməl olunmamasından, uzun intervallardan və texniki nasazlıqlardan şikayət edirlər.
Sərnişinlər bildirir ki, 211 nömrəli avtobuslar müəyyən bir saat üzrə deyil, fərqli vaxtlarda gəlir. Bu isə işə tələsən insanlar üçün ciddi narahatlıq yaradır:
“Avtobus heç qrafiklə işləmir. Gec-gec gəlir. Sürücülər arasında yaxşıları da var, kobud və təhlükəli idarə edənləri də. Keçən dəfə mindiyimiz avtobusda kondisioner işləmirdi, hava çox isti idi. Sıxlıqdan hər kəs narazı idi, nəfəs almaq mümkün deyildi.”
Sərnişinlərin əsas tələbi, marşrut xətti üzrə avtobusların konkret və sabit qrafiklə işləməsi, avtobuslar arasında olan intervalların azaldılması və texniki şəraitin yaxşılaşdırılmasıdır:
“Əgər saat və dəqiqələr dəqiq bilinsə, insanlar planlı şəkildə hərəkət edə bilər. Gecikmələr azalardı, sıxlıq da olmazdı. Xüsusilə pik saatlarda bu çox vacibdir.”
newsbaku.az-a AYNA-dan rəsmi açıqlama zamanı bildirilib ki:
“211 nömrəli marşrut xətti hazırda BakuBus MMC-nin müvəqqəti istismarındadır və xətt üzrə 12 iritutumlu avtobus 8-10 dəqiqəlik intervalla fəaliyyət göstərir:.”
Eyni zamanda, sərnişinlərə rastlaşdıqları hallarla bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin “141” Çağrı Mərkəzinə və qurumun sosial şəbəkə səhifələrinə müraciət etmələri tövsiyə olunur.
Jalə Quliyeva
newsbaku.az