“Dövlət qurumu məhkəmə qərarını TANIMIR” – Baş mütəxəssisdən ETİRAZ

image-izobrazhenie_2025-07-30_123415647backend

newsbaku.az Oxu.az-a istinadən məlumat verir ki,Şikayətçi Mübariz Babayev açıqlamasında bildirib ki, qanunsuz olaraq işindən çıxarıldığı üçün məhkəmə yolu ilə işinə bərpa olunmaq haqqında qərar qəbul edilib, ancaq qərar icra edilmir.

O, sözlərinə belə başlayıb:

“Mən 2008-ci ildən Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxsdə baş mütəxəssis kimi fəaliyyət göstərmişəm. İş yerim Sumqayıt filialında idi. Bu bölmədə 17 il işlədikdən sonra 20 fevral 2023-cü ildə mənə bildirildi ki, zona ləğv olunur və buna görə əmək müqaviləmə xitam verilir”.

Şikayətçi bildirir ki, bölmə rəsmi şəkildə ləğv olunsa da, işdən çıxarılması qanuni deyil:

“Qərarla razılaşmadığım üçün mediasiya prosesindən keçdim, daha sonra isə Nərimanov Rayon Məhkəməsinə müraciət etdim. Məhkəmə qərar verdi ki, işimə bərpa olunmalıyam. Qərara əsasən, 20 fevral 2023-cü ildən etibarən – yəni işdən çıxdığım gündən müddətsiz müqavilə ilə baş idarədə (Bakıda) əvvəlki vəzifəmlə işə bərpa edilməliydim. Əvvəl müddətli müqavilə ilə çalışırdım. Məhkəmə bu qərarı avqustun 11-də çıxardı. Qərar hüquqi qüvvəyə minib”.

M.Babayevin sözlərinə görə, məhkəmə qərarı faktiki icra edilmir:

“Müəssisə bildirir ki, hazırda baş mütəxəssis vəzifəsi üzrə vakansiya yoxdur, yalnız mütəxəssis yeri mövcuddur. Halbuki məhkəmə qərarında konkret göstərilib ki, mən eyni vəzifə üzrə – baş mütəxəssis kimi bərpa olunmalıyam. Onlar məni işə qəbul etmirlər və qərarla razı olmadıqlarını deyirlər”.

Şikayətçi qeyd edir ki, həm Əmlak Məsələləri Dövlət Xidmətinin rəhbərliyi, həm də publik hüquqi şəxsin icraçı direktoru ilə görüşsə də, problem hələ də həllini tapmayıb:

“Onlar bildirirlər ki, məhkəmə qərarı olsa da, qərarla razı deyillər. Mən isə hesab edirəm ki, dövlət qurumu olaraq qanunun tələblərini yerinə yetirmək onların borcudur”.

Vətəndaş hazırda icra sənədi əsasında məsələ ilə bağlı yenidən məhkəməyə və aidiyyəti orqanlara müraciət etdiyini bildirir:

“Mən bu məsələ ilə bağlı inzibati icraata başlanmasını istəyirəm. Çünki bu, həm Konstitusiyanın 129-cu maddəsinin, həm də İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsinin pozulmasıdır. Dövlət orqanları məhkəmə qərarını yerinə yetirmirsə, vətəndaş nə etməlidir? Dövlət qurumu məhkəmə qərarını tanımır”.

Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki