Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) insan alverinə qarşı mübarizə sahəsində fəaliyyət istiqamətləri açıqlanıb.
newsbaku.az “Report”a istinad xəbər verir ki, Ombudsman Səbinə Əliyeva 30 iyul “İnsan Alverinə qarşı Beynəlxalq Mübarizə Günü” ilə əlaqədar məqaləsində bu barədə məlumat verib.
Ombudsman qeyd edib ki, insan alverinə qarşı mübarizə qanunvericiliyin təkmilləşdirilməsi, insan alveri qurbanlarının hüquqlarının müdafiəsi və onların cəmiyyətə inteqrasiyası prosesinə dəstək verilməsi, preventiv tədbirlərin həyata keçirilməsi məqsədilə müvafiq dövlət qurumlarına təkliflərin ünvanlanması, hüquqi maarifləndirmə, dövlət orqanları, vətəndaş cəmiyyəti və beynəlxalq təşkilatlarla əməkdaşlıq, insan alveri üzrə mübarizə sahəsində qəbul olunmuş strateji sənədlərin icrası prosesində yaxından iştirak etmə və s. kimi istiqamətləri əhatə edir.
“Qanunvericiliyin təkmilləşdirilməsi sahəsində həyata keçirilən tədbirlər sırasına Cinayət Məcəlləsinə insan alverinə qarşı müvafiq maddənin salınması, qadın hüquqlarına, gender bərabərliyinə və ailədə zorakılığın qarşısının alınmasına dair qanunvericilik aktlarının hazırlanması ilə bağlı təklifləri aid etmək olar” – S. Əliyeva əlavə edib.
O bildirib ki, Ombudsman Milli Məclislə səmərəli əməkdaşlıq əlaqələri yaradıb:
“Parlamentdə müzakirəyə çıxarılan hər qanun layihəsi öncədən Ombudsmana göndərilir və tərəfimizdən bu qanun layihələrinə baxılır və müvafiq təkliflər verilir”.
S. Əliyeva vurğulayıb ki, Ombudsman Aparatının Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən ötən dövr ərzində Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin nəzarətində olan Müvəqqəti Saxlama Yerinə (MSY) və insan alveri qurbanları üçün nəzərdə tutulmuş sığınacağa əvvəlcədən xəbərdarlıq edilmədən başçəkmələr həyata keçirilib:
“Bu başçəkmələr zamanı saxlanılan şəxslərlə fərdi söhbətlər aparılıb, onların saxlanma şəraiti, rəftar və hüquqi təminat məsələləri öyrənilib, hüquqları barədə məlumatlandırma işləri aparılıb, həmçinin qeydə alınan müşahidələr əsasında aidiyyəti qurumlara müvafiq tövsiyələr təqdim edilib.
Məsələn, insan hüquqlarının müdafiəsi, o cümlədən zorakılığa məruz qalmış qadın və uşaqlar üçün krizis mərkəzlərinin, cəzaçəkmə müəssisələrindən azad edilmiş yeniyetmələr üçün sığınacaqların, valideyn himayəsindən məhrum olan uşaqlara yardım mərkəzlərinin yaradılması kimi təkliflər bu qəbildəndirlər”.
Xatırladaq ki, Birləşmiş Millətlər Təşkilatının 2013-cü il 18 dekabr tarixli qətnaməsi ilə 30 iyul “İnsan Alverinə qarşı Beynəlxalq Mübarizə Günü” elan edilib.
newsbaku.az