Bakı Slavyan Universitetindən Yeni Təqaüd Proqramı – Təhsil Sistemində Gender Balansına Dəstək

image-1743679292_baki-slavyan-universitetibackend

Bakı Slavyan Universiteti 2025/2026-cı tədris ili üzrə oğlan abituriyentlər üçün xüsusi təqaüd proqramı elan edib.

Universitetdən newsbaku.az-a verilən məlumata görə, proqram “İbtidai sinif müəllimliyi” və “Xarici dil müəllimliyi” ixtisaslarına qəbul olunan oğlan tələbələri əhatə edir və hər ay 200 manat məbləğində maddi dəstək təqdim olunmasını nəzərdə tutur. Təqaüd yalnız 450 baldan yuxarı nəticə göstərmiş və adıçəkilən ixtisaslara qəbul olmuş oğlan tələbələr üçün keçərlidir.

Təqaüd proqramının yaradılmasında əsas məqsəd müəllimlik ixtisaslarında gender balansını yaxşılaşdırmaq, oğlanların bu sahəyə marağını artırmaq və təhsil sistemində gender bərabərliyini təşviq etməkdir. Hazırda müəllimlik peşəsi, xüsusilə ibtidai sinif və xarici dil müəllimliyi kimi ixtisaslar daha çox qızlar tərəfindən seçilir. Bu təşəbbüslə BSU rəhbərliyi oğlan abituriyentləri müəllimlik peşəsinə təşviq etməyi, eyni zamanda məktəblərdə kişi müəllimlərin sayını artırmağı qarşıya məqsəd qoyur.

Bakı Slavyan Universitetindən bildirilib ki, bu təşəbbüsün simvolik və sosial əhəmiyyəti də böyükdür. Proqram vasitəsilə oğlanlara müəllimlik peşəsinin onlar üçün də prioritet və dəyərli bir sahə olduğu göstərilməyə çalışılır. Universitetin gözləntisinə görə, təşəbbüs ictimai stereotiplərin qırılmasına da töhfə verəcək.

Hazırkı statistik göstəricilər bu sahədə gender balansı problemini təsdiqləyir. “İbtidai sinif müəllimliyi” və “Xarici dil müəllimliyi” ixtisaslarında oğlanların payı cəmi 10–12%-ə bərabərdir. Xüsusilə ibtidai təhsil pilləsində kişi müəllimlərin azlığı pedaqoji mühitə və şagirdlərin sosial inkişafına təsirsiz ötüşmür. Bu baxımdan, BSU-nun təqaüd proqramı mühüm sosial ehtiyacdan doğmuş təşəbbüs kimi qiymətləndirilir.

Proqramın ideyası universitetin rektoru Anar Nağıyevə məxsusdur və BSU rəhbərliyi tərəfindən sosial məsuliyyət prinsipi əsasında hazırlanıb. Hazırda proqram universitetin daxili təşəbbüsü olsa da, gələcəkdə aidiyyəti dövlət qurumları ilə əməkdaşlıq və təşəbbüsün genişləndirilməsi ehtimalı istisna edilmir.

Proqram ilkin olaraq yalnız 2025/2026-cı tədris ilini əhatə edir. Lakin müraciətlərin sayı və proqramın nəticələri müsbət olarsa, onun növbəti illərdə də davam etdirilməsi nəzərdə tutulur. Hazırda yalnız iki ixtisas üzrə tətbiq olunan təqaüd, gələcəkdə digər pedaqoji sahələri – məsələn, Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasını da əhatə edə bilər.

Təqaüdün davamlılığı tələbələrin akademik göstəricilərindən və universitetin daxili intizam qaydalarına əməl olunmasından asılı olacaq. Akademik borcu olan tələbələr üçün təqaüdün dayandırılması nəzərdə tutulur. Hər semestrin sonunda nəticələrə əsasən təqaüdün davam etdirilib-etdirilməməsi yenidən qiymətləndiriləcək.

BSU rəhbərliyi hesab edir ki, bu təşəbbüs digər universitetlər üçün də nümunə ola bilər. Universitet oxşar proqramların digər təhsil ocaqlarında da tətbiq olunmasını arzulayır və təcrübə mübadiləsinə açıq olduğunu bildirir.

Təqaüd proqramı ictimaiyyət tərəfindən də müsbət qarşılanıb. Abituriyentlər və valideynlər təşəbbüsü yüksək qiymətləndirir, oğlan övladlarını müəllimlik ixtisaslarına yönəltmək niyyətində olduqlarını bildirirlər. Bu isə proqramın real ehtiyaca cavab verdiyini və geniş rezonans doğurduğunu göstərir.

Aynur Abdullayeva

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki