Müasir dövrdə şagirdlərin motivasiyası təhsil sistemində uğurun əsas açarlarından biridir TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

image-whatsapp-image-2025-07-31-at-17-19-54backend

Günümüzdə təhsil böyük rol oynayır. Bu fikirlər bəzi insanlarda uşaqlıqda və ya özünü dərk etdikdə formalaşır. Uğurun açarına özünə inandıqda nail olunur. Bu yolda hər zaman uğuru hədəfləməli motivasiyadan düşülməlidir. İlk növbədə bu motivasiyanı hər kəsə müəllimlər və repititor tərəfindən verilir.

Bu barədə newsbaku.az-a Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli:

“Müasir dövrdə şagirdlərin motivasiyası təhsil sistemində uğurun əsas açarlarından biridir. Texnologiyanın sürətli inkişafı, informasiya bolluğu və uşaqların diqqətini cəlb edən saysız alternativlərin mövcudluğu fonunda müəllimin qarşısında duran əsas vəzifələrdən biri – öyrənməyə maraq yaratmaqdır. Motivasiya olmadan heç bir təhsil metodu və ya dərs materialı gözlənilən nəticəni vermir. Bu baxımdan müəllimin rolu sadəcə bilik ötürməkdən ibarət deyil, o, eyni zamanda şagirdin daxili dünyasına toxunmalı, onun maraq dairəsini nəzərə alaraq mənəvi və intellektual inkişafına dəstək verməlidir.

Uşaqları motivasiya etmək üçün ilk və əsas addım onları fərd olaraq tanımaqdan keçir. Şagirdin maraqları, şəxsiyyət tipi, öyrənmə tərzi və ailə mühiti haqqında məlumatı olan müəllim onunla daha təsirli və yaxın əlaqə qurur. Fərdiləşdirilmiş öyrənmə yanaşması – yəni hər bir uşağın öyrənmə ehtiyaclarına və ritminə uyğun metodun seçilməsi – motivasiyanın əsas dayaq sütunlarından biridir. Bu yanaşmada şagirdlər özlərini həm başa düşülmüş, həm də qiymətləndirilmiş hiss edirlər. Bu hiss isə onların dərsə münasibətini kökündən dəyişir.

Motivasiya üçün ən çox istifadə olunan və effektivliyi sübut olunmuş metodlardan biri oyunlaşdırmadır. Xüsusilə ibtidai sinif və aşağı yaş qruplarında oyun elementlərinin dərslərə inteqrasiyası uşaqların həm diqqətini cəlb edir, həm də onların dərsdə aktiv iştirakını təmin edir. Oyunlar vasitəsilə şagirdlər həm öyrənir, həm əylənir, həm də əməkdaşlıq və rəqabət balansını öyrənirlər. Burada əsas olan oyunun məqsədli və öyrədici şəkildə qurulmasıdır. Bu cür yanaşma şagirdlərdə müstəqil düşünmə, qərarvermə və nəticəyə yönəlik fəaliyyət bacarıqlarını da inkişaf etdirir.

Digər bir mühüm yanaşma layihə əsaslı öyrənmədir. Bu metodda şagirdlər real həyatla bağlı mövzularda araşdırma aparır, komanda ilə işləyir, təqdimat hazırlayır və nəticə çıxarırlar. Bu zaman uşaq özünü dəyərli hiss edir və “nəyəsə nail oldum” duyğusu onun daxili motivasiyasını gücləndirir. Şagirdin öyrənməyə dair qərar və proseslərə cəlb olunması onun dərsə münasibətini daha da pozitivləşdirir.

Müasir pedaqoji yanaşmalarda formativ qiymətləndirmə, yəni prosesboyu davamlı rəy və geribildirim verilməsi də motivasiya üçün çox önəmlidir. Yalnız summativ – yəni yekun qiymətə fokuslanmaq əvəzinə, müəllimin dərs ərzində şagirdə verdiyi konstruktiv rəy onu səhvlərini düzəltməyə, daha da yaxşı nəticə əldə etməyə sövq edir. Bu isə öyrənmə prosesini stresssiz və motivasiyaedici mühitə çevirir.

Bütün bu metodların effektivliyi isə müəllimin empatik yanaşması, pozitiv ünsiyyəti, ədalətli münasibəti və şəxsi nümunəsi ilə tamamlanmalıdır. Şagird müəllimi özünə yaxın hiss etdikdə, onun təlim-tərbiyə prosesində iştirakı könüllü və səmimi olur. Bəzən bir müəllimin verdiyi dəyər, dinlədiyi fikir, göstərdiyi anlayış uşağın gələcəyinə inamını bərpa edə bilir. Motivasiya yalnız şagirdin zehni inkişafı üçün deyil, onun mənəvi formalaşması və sosial adaptasiyası üçün də vacibdir.

Unutmaq olmaz ki, hər bir uşaq motivasiyaya fərqli reaksiya verir. Kimi təriflə, kimi vəzifə verməklə, kimini isə bacardığını göstərmək imkanı yaratmaqla ruhlandırmaq mümkündür. Əsas məsələ, hər bir uşağın içində olan potensialı görmək, onu fərdi yanaşma ilə oyatmaq və davamlı olaraq dəstəkləməkdir.

Bu baxımdan müəllim yalnız bilik verən deyil, həm də ruh verən, istiqamət göstərən, həyat üçün motivasiya yaradan şəxsdir. Onun təsiri sinif otağının divarlarını aşaraq uşağın dünyagörüşündə, özünə inamında və gələcək planlarında özünü göstərir. Və bu təsir heç vaxt unudulmur”, – deyə bildirdi.

Nuranə Məmmədova 

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki