Azərbaycan UEFA əmsallar cədvəlində yerini möhkəmlətdi

image-izobrazhenie_2025-08-01_114849737backend

Ötən gün avrokuboklarda cavab oyunlarından sonra Azərbaycanın UEFA əmsallar cədvəlindəki mövqeyi möhkəmlənib.

newsbaku.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, hazırda aktivində 18.750 xal olan ölkəmiz 28-ci sırada qərarlaşıb.

Qeyd edək ki, dünən Konfrans Liqasında baş tutan cavab qarşılaşmalarında “Araz-Naxçıvan” klubu Yunanıstanın “Aris” klubu ilə 2:2 hesablı heç-heçə, “Sabah” klubu isə Moldovanın “Petrokub”unu 4:1 hesabı ilə məğlub edərək növbəti mərhələyə adlayıblar. Yalnız “Zirə” klubu “Hayduk Split”ə (Xorvatiya) əlavə vaxtda məğlub olaraq (1:2) avrokuboklarda mübarizəni dayandırıb.

Xatırladaq ki, bir gün əvvəl “Qarabağ” UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Şelburn”u Bakıda məğlub edib – 1:0.

Beləliklə, təsnifat mərhələlərində qələbəyə görə bir, heç-heçəyə görə yarım xal verildiyi üçün turnirdə iştirak edən komandalarımızın sayına böldükdə “Sabah”ın ölkənin aktivinə 0.625 xal, “Qarabağ”ın 0.500 xal, “Araz-Naxçıvan”ın 0.375 xal, “Zirə”nin isə 0.125 xal gətirdiyi aydın olur.

Bu il aktivini 1.625 xal artıran ölkəmiz hazırda 27-ci yerdə olan Ukraynadan 0.475 xal geri qalır, məlum səbəblərə görə UEFA bayrağı altında keçirilən yarışlardan kənarlaşdırılan Rusiya 18.299 xalla 29-cu pillədədir.

Qeyd edək ki, UEFA əmsallar cədvəlinə 94.839 xalla İngiltərə başçılıq edir.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki