Azərbaycanda erkən nikahlar hələ də ciddi sosial problem olaraq qalır. Bu məsələ, xüsusilə qızların təhsil hüququ və şəxsi inkişafı baxımından ciddi narahatlıq doğurur. Erkən evliliyə məcbur edilən qızlar məktəbdən uzaqlaşdırılır, uşaq yaşda ailə və analıq məsuliyyətini daşımağa məcbur olurlar. Bu, onların peşəkar potensialını və gələcəkdə cəmiyyətə töhfə vermə imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Mətbuat Katibi Teymur Mərdanoğlu erkən nikahların fəsadları barədə newsbaku.az-a açıqlamasında bildirib ki:
“Qızların məktəbi yarımçıq qoymasına, savadsız böyüməsinə səbəb olan erkən nikahlar gələcəkdə onların hüquqlarını müdafiə etməsini də çətinləşdirir. Bu hal həm də sosial və iqtisadi asılılıq yaradır. Belə evliliklərə məcbur qalan qadınlar daha çox iqtisadi çətinliklərlə üzləşirlər.”
Onun sözlərinə görə, erkən nikah hallarının qarşısını almaq məqsədilə qanunvericilikdə mühüm dəyişikliklər edilib. Bununla yanaşı, Komitə tərəfindən həm dövlət, həm də ictimai səviyyədə hüquqi, maarifləndirici və sosial tədbirlər həyata keçirilir.
Teymur Mərdanoğlu əlavə edib ki, bu məsələyə diqqətin artırılması üçün media və sosial şəbəkələrdə də maarifləndirici kampaniyalar geniş şəkildə aparılır. Komitə, hər bir vətəndaşı – xüsusilə də media nümayəndələrini bu prosesə qoşulmağa çağırır:
“Erkən evlilik və qohum nikahlarının qarşısının alınması istiqamətində maarifləndirici fəaliyyətlərə dəstək göstərmək, həmçinin qəbul olunmuş qanunun icrasına töhfə vermək hər bir vətəndaşın borcudur”, – deyə Dövlət Komitəsinin Mətbuat Katibi bildirib.
Rəşanə Quliyeva
newsbaku.az