30 İl həsrətində olduğumuz Qarabağ niyə çirkləndirilir? – Expertlərdən açıqlama

image-ekolibackend

Yay ayları gəldikdə təbiətin çirklənməsi hallarına tez-tez rast gəlirik. İstər bölgələrimiz istər Bakı ərazisində addımbaşı çirklənmiş sahələr görürük. Davamlı edilən müraciətlərə rəğmən yenədə məsuliyyətsiz insanlar müşahidə edirik. Bu dəfə isə rast gəlinən hadisə daha dəhşətdir. 30 il həsrətində olduğumuz Qarabağ qonaqlar tərəfindən çirkləndirilib. Bu dözülməz hadisədir. Çünki orada 30 il həsrət, göz yaşı, şəhidlərimizin qanı var.

Bu barədə newsbaku.az-a “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli açıqlama verib:

image-elman-ceferli
“Ekoloji çirklənmənin qarşısı təkcə erməni işğalından azad edilmiş və böyük tikinti-quruculuq işləri görülən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazisində aparılmalı deyil. Bütün ölkə ərazisində ətraf mühitin mühafizəsi, meşə zolaqlarının qorunması tədbirləri gücləndirilməlidir. Ətraf mühitin çirklənməsinin qarşısını almaq üçün öncə dövlət qurumları, bələdiyyələr öz üzərinə düşən vəzifəni yerinə yetirməli. Qarşıda durna birinci məsələ məişət tullantılarının düzgün idarə olunmasıdır. Aidiyyati qurumlar insanların istirahət üçün üz tutduqları piknik yerlərində məişət tullantıları qabları yerləşdirməli, atılan zibili vaxtında daşımalıdır. İstirahət məkanlarının ərazisində yanğından mühafizə və tibbi sanitar qaydalara riayət olunması ilə bağlı məlumatlandırıcı lövhələr asılmalıdır. Televiziyalarda sosial çarxlar hazırlanmalı, insanlar maarifləndirilməlidir. Yalnız bundan sonra biz çəkindirici alətlərdən-cərimələrdən danışa bilərik.
Bu günlərdə mən ölkənin şimal bölgəsində oldum. Nabranın dəniz sahili istirahət məkanlarında müşahidələr apardım. Əksər yerlərdə məişət tullantıları qabı yox idi. İnsanlar istifadə etdikləri meyvə cecəklərini, tumlarını, yemək qabıqlarını, su butulkalarını plastik qabları böyürtkən kollarının içinə atırdılar. Dəniz sahili çimərliklərdə antisanitariya hökm sürürdü. Məişətdə istifadə olunan tullantı suları təmizlənmədən, filtrdən keçmədən bir neçə yerdən dənizə axır. Ötən il ölkənin qərb bölgəsində-Gəncədə, Daşkəsəndə eyni durumun şahidi olduq. Əksər küçələrdə məişət tullantıları qabları yox idi. Bəs insanlar tullantını hara atsınlar? Hər kəsin avtomobili yoxdur ki, məişət tullantılarını xüsusi sellofan torbalara qoyub özləri ilə daşısın, uyğun yerə atsın. Qəribədir ki, bunu edənlər də azdır. Çox vaxt əsas yolla şütüyən avtomobilllərin pəncərələrindən zibillə dolu polietilen torbalar yol kənarına, kol dibinə, ağacların budağına atılır. Bu, təbii ki, xoş olmayan bir durumdur. Ölkəmizə nə qədər xarici turist gəlir. Onların ölkəmiz haqqında təəssüratları necə olacaq?
Ətraf mühiti zibilləməyə görə, İnzibati Xətalar Məcəlləsində müvafiq cərimələr tətbiq olunub. Hesab edirəm ki, ölkənin ayrıca götürülmüş bir bölgəsi üçün xüsusi cəza mexanizmi tətbiq etmək doğru olmazdı. Ətraf mühit bütün ölkə ərazisində qorunmalıdır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına yanaşmada sadəcə mənəvi məsələlər nəzərə alınır. O torpaqların 30 il həsrətində olmuşuq. İndi torpaqlarınız azaddır. Həmin torpaqlar minlərlə vətən oğlunun qanı ilə azad edilir. Qəhrəman qazilərimizin yarası hələ sağalmayıb. İnsanlarımız bir az məsuliyyətli olmalı, istirahət üçün getdikləri yerdə ətraf mühitə qayğı ilə yanaşmalıdırlar”,- deyə bildirib.

Məsələ ilə bağlı Ekoloq, Jurnalistlər Birliyinin sədri Cəmşid Bəxtiyar belə deyir:

image-cmcid-bxtiyar
“Turist kimi səfər edən insanların ətrafı çirkləndirməsi halları neqativ hal kimi qiymətləndirilir. Bu məsələdə ictimai qınaq bu kimi halların qarşısının alınmasında mühüm rol oynayır. Bu cür təşəbbüsləri təşviq etmək, bunun hansı mənfi nəticələri olacağını daha dərindən açıqlamaq lazımdır. İnsanlar bunu təkcə estetik görüntü baxımından pis hal olduğunu düşünməməlidir. İnsanlar müxtəlif xarakterli olurlar. Düşünürəm ki, utilizasiya etmədən həmin ərazini tərk edən insanlar elə öz evini də o cür saxlayırlar. Orada yaşayan canlılar üçün, təbiət üçün ekoloji saflıq baxımından bu cür tullantılar təbiəti çox təhlükəli şəkildə çirkləndirirlər.
Bu cür halların təkrarlanmaması üçün mətbuatın da rolu az deyil. Ümumiyyətlə, dövri mətbuat bu sahədə təbliğat işləri apara bilər, cəmiyyətə bunun mənfi tərəfləri açıqlanmalıdır. Məsələn, bu plastik tullantılar ətraf mühitə hansı zərərləri verir, orada yaşayan vəhşi heyvanlar tərəfindən yeyilə bilər. Bu da onların həyatı üçün təhlükəli ola bilər. Və yaxudda tullantılar uzun müddət təbiətdə qalarsa, istilik və müxtəlif temperatur dəyişiklikləri o cümlədən, atmosferin tərkibindəki digər təsirlər vasitəsi ilə bunlar zaman keçdikcə hissəciklərə parçalanırlar. Bu hissəciklər bitkilər tərəfindən udulur, həmçinin havada toz dənəçikləri-nano-zərrəciklər şəkilində yayılır. Bu həm insan həyatı, həm də digər canlılar üçün təhdiddir. Ətrafı çirkləndirmə zamanı bu halları düşünülməlidir. İnsanın bir az fiziki əziyyət çəkərək şəxsi tullatıları ərazidən yığışdırmaması eqoistlikdir. Mən əziyyət çəkməyim, amm ətraf mühit zərər çəksin deyə düşünmək olmaz.
Bir çox yumşaq təsir metodları işə yaramadıqda, artıq yeganə vasitə cəza tədbirləridir. Təbii ki, cəza tədbirləri müəyyən dərəcədə təsirə malikdir. İnsanların şəxsi tullantılarını toplamadığı təsbit olunarsa, cəza tədbirləri ətraf mühafizəçilərinə və polislərə həvalə edilə bilər. Bu halların qarşısını almaq üçün müxtəlif kompaniyalar, eco könülüllər müəyyən aksiyalar keçirə bilər”,-deyə bildirdi.

Gələcək nəsillərə təmiz həyat miras qoymaq istəyiriksə hər birimiz təbiəti qorumalıyıq.

Nuranə Məmmədova
newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki