Son bir neçə ilin ən uğurlu və yaddaqalan, qəlibləşmiş sosial media tətbiqləri içərisində özünə yer tapıb, hətta onları da geridə qoyan TikTok tətbiqi demək olar ki, dünyanın hər bir tərəfinə nüfuz etməyi bacarmış, artıq böyük şirkət və media agentliklərini də özünə cəlb edə bilmişdir. “Exploding Topics”in avtomatik yeniləməsinə görə hazırda 1.94 milyard insan TikTok istifadəçisidir.
Azərbaycanda 2024-cü ilin statistikasına görə, TikTok’dan 18 yaşdan yuxarı istifadəçi bazası – 6.10 milyon olub.
Nəticələrə əsaslanaraq deyə bilərik ki, bir çox məzmunda xəbər istehsalı ilə məşğul olub, şəxsi vloqları və digər məlumatları paylaşıb daha çox insana çatmaq üçün TikTokdan istifadə məqsədəuyğundur.
Bəs TikTok fərdlərə, xüsusən də uşaqlara hansı ictimai təhlükəliliyi yarada bilər, uşaqlar üzərində nə kimi fəsadları ola bilər?
Bununla bağlı newsbaku.az-a açıqlama verən psixoloq Gülnar Orucova bildirib ki: “TikTokdan həddən artıq istifadə edən uşaqlar və yeniyetmələr diqqət pozuntusuna məruz qalıb, diqqətin mərkəzində çətinlik çəkə bilirlər. Uşaqlar gec saatlara qədər yatmayıb Tiktoku izləyirlər və bu da onların yuxu rejimlərinin pozulmasına gətirib çıxarır. TikTok Dopamin ifrazını artırır və bu da onlar üçün asılılıq yarada bilir. Sanki, günün müəyyən hisəsi bu vəziyyətdə olurlar. Əlavə olaraq özgüvən əskikliyi yarana bilir. Uşaqların müəyyən formalaşma dönəmi olur ki, bu dövrdə onların imiclərində dəyişiklik yaranır. Bu zaman bu paylaşımları görüb örnək ola biləcək, amma eyni anda həmin örnəyin özlərinə mənfi təsirlər yarada biləcəyinin fərqində olmurlar. Ailəsinə, yaşamına uyğun olmayan davranışlar sərgilənir və yaxud “mən niyə belə ola bilmirəm” fikri özgüvən əskikliyinə gətirib çıxara bilir ki, bu da özünəqapanıqlığın əsas əlamətlərindən biridir. Eyni zamanda TikTok yetkinlik yaşına çatmamış uşağın qarşısına uyğunsuz görüntülər – (seksual, zorakılıq əks etdirən və.s) çıxarır ki, bunun nəticəsində uşaq onlayn zorakılığa məruz qala bilir. Həmçinin, TikTok aludəçisi uşaqlar gələcəkdə dərslərinə meyillənməkdə çətinlik çəkirlər.”
Paşa Nuru
newsbaku.az