Psixoloqlar bildirir ki, ailədaxili münaqişələr təkcə uşaqların psixologiyasına deyil, həm də onların xarakterinə, şəxsiyyətinə və təhsilinə ciddi mənfi təsir göstərir. Belə bir mühitdə böyüyən uşaq dərslərinə tam şəkildə fokuslana bilmir. Həmin uşaqlar məktəbdə sinif yoldaşlarına qarşı aqressiv davranışlar sərgiləyir, müəllimin suallarına cavab verməkdə çətinlik çəkir və dərs zamanı özlərini ifadə edə bilmirlər.
Psixoloq Fəridə Musəvi newsbaku.az-a bildirib ki, ailədə baş verən münaqişələr uşaqda daxili qapanıqlığa səbəb olur. O qeyd edib:
“Uşaqlar nə qədər yaxşı oxusalar da, ailədə daima münaqişə görən uşaq dərslərinə tam adaptasiya ola bilmir. Məktəbdə müəllimlərin suallarına cavab verməkdə çətinlik çəkir, yoldaşlarına uyğunlaşa bilmir və daxilə qapanır”.
Psixoloqun sözlərinə görə, valideynlər hansısa problemi mütləq şəkildə uşaqdan uzaq saxlamalıdır. Həmin məsələlər valideynlər arasında ikilikdə həll olunmalıdır. Çünki ailə daxilində baş verən münaqişə yalnız ailə üzvlərini deyil, uşaqları da psixoloji olaraq yükləyir:
“Təəssüf ki, bu gün ailə daxilində yaşanan problemlər təkcə ev daxilində qalmır. Hətta yaxın qohumlar da bu məsələyə qarışır. Hər kəs öz həyat təcrübəsinə əsasən fikir bildirir. Lakin bu fikirlər ailədəki problemi daha da alovlandırır. Ailə daxili ‘közərmiş ocaq’ olur və həmin ocaqda böyüyən uşaqlar ‘yanır’. Bu səbəbdən valideynlərə tövsiyəmiz budur ki, belə hallarda qohumlara və tanışlara deyil, peşəkar psixoloqlara müraciət etsinlər. Əks halda bu, ailə üçün uğursuz nəticələrə gətirib çıxarır”,-deyə psixoloq bildirib.
Rəşanə Quliyeva
newsbaku.az