Azərbaycanda bir çox yüksək ballı abituriyent ali təhsil almaq üçün xarici universitetləri seçir.
Məsələ ilə bağlı təhsil eksperti Elçin Murad newsbaku.az-a açıqlamasında bildirib ki, bu seçim təsadüfi deyil – yerli universitetlər onların ehtiyaclarını və inkişaf istəyini qarşılamır.
“Azərbaycanda bir-iki universitetin xaricində digər universitetlər həmin abituriyentin maraq dairəsini qarşılaya bilmir. Buna həm verdiyi təhsil, həm universitet ortamı, həm də digər bu kimi xüsusiyyətlər daxildir. Ona görə də həmin abituriyent (indiki tələbə) xaricdə daha prestijli, təhsili daha yüksək olan universitetlərə üz tutur. O, yaxşı başa düşür ki, onun özünü inkişaf etdirməsi bu kimi yerlərdə daha uğurlu və keyfiyyətli olacaq.
Belə tələbələri itirməmək üçün onlara daha yaxşı imtiyazlar təqdim olunmalıdır. Onun burda qalması üçün hər cür şərait yaradılmalıdır. Bu cür tələbələrin ölkədən kənarda təhsil alması onun daha sonra da xaricdə qalaraq orada çalışıb öz karyerasını qurması deməkdir ki, bu da ölkənin gələcəyi üçün həqiqətən böyük itkidir. Bu itkiyə həm yüksək keyfiyyətli, savadlı tələblərin itirilməsi, həm də ölkənin hər hansı bir sahə üzrə irəli gedə bilməməsi daxildir”, – deyə Elçin Murad bildirib.
Rəşanə Quliyeva
newsbaku.az