“Son illərdə qəbul imtahanlarında az bal toplayan abituriyentlərin bir qisminin psixoloji sarsıntılar yaşaması və hətta bəzi hallarda intihara cəhd etməsi, bizi təhsil sistemi olaraq dərindən düşündürməlidir” .
Bu barədə newsbaku.az-a Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli bildirib.
“Bu, sadəcə bir şəxsin fərdi uğursuzluğu deyil, həm də cəmiyyətin, ailənin, məktəbin və bütövlükdə formalaşmış ictimai düşüncənin bir gəncin ruhuna yüklədiyi ağır basqının nəticəsidir.
Bu gün bir çox ailə və məktəb üçün universitetə qəbul olmaq təkcə təhsil nailiyyəti deyil, həm də nüfuz, status, ailənin ictimai mövqeyini ifadə edən bir göstəriciyə çevrilib. Bu isə abituriyentin nəticəsini şəxsi dəyəri ilə eyniləşdirməsinə səbəb olur. Nəticədə az bal toplayan və ya qəbul ola bilməyən abituriyent yalnız təhsil sistemində deyil, ailə içində və yaxın çevrəsində də bir “uğursuz” kimi damğalana bilər. Ən ağrılısı isə budur ki, bu gənc artıq öz həyatına davam etməyə dəyər görməyə bilər”.
“Bu cür halların qarşısının alınması üçün hansı tədbirlər görülməlidir?” sualına cavab olaraq təhsil eksperti belə açıqlama bildirdi ki:
“Bu kimi halların qarşısını almaq üçün təkcə imtahan sonrası deyil, daha erkən mərhələdən etibarən sistemli şəkildə psixoloji dəstək və peşə yönümü işi aparılmalıdır.
Bu gün təəssüf ki, bir çox şagird illərlə hazırlaşdığı ixtisasın nə olduğunu belə dərindən bilmir. Onun nə üçün bu ixtisasa hazırlaşdığı sualının cavabı yoxdur. Çünki yönləndirmə mexanizmi zəifdir, məktəblərdə peşə məsləhət xidməti demək olar ki, formalaşmayıb, ailələr isə daha çox öz ambisiyalarını gənclərin arzusu kimi təqdim edirlər. Məhz bu səbəbdən də gənc universitetə qəbul olunmayanda təkcə bir nəticəni deyil, həyatının bütün mənasını itirdiyini düşünür. Bu isə artıq psixoloji risklərə zəmin yaradır.
Digər tərəfdən, imtahan nəticəsinə görə həyatın tamamlandığını düşünmək cəmiyyətin uğur anlayışının da nə qədər bəsit və dar çərçivədə olduğunu göstərir. Halbuki inkişaf etmiş ölkələrdə bir imtahanda uğur qazanmamaq həyatda geridə qalmaq anlamına gəlmir. Həmin şəxslərə alternativ yollar, təkrar şanslar, fərdi bacarıqlara uyğun təlim və iş imkanları təqdim olunur”.
Təhsil eksperti Azərbaycanda da bu istiqamətdə addımlar atılmalı olduğunu bildirdi:
“Peşə təhsili, təkrar qəbul imkanları, fərdi kurslar, sahibkarlıq yönümlü fəaliyyətlər və xaricdə təhsil imkanları barədə sistemli məlumatlandırma işi aparılmalı, imtahanda uğursuz olan abituriyent tək buraxılmamalıdır”.
Təhsil eksperti Əmrah Həsənli məktəblərdə psixoloji xidmət real və funksional olmalı olduğunu da qeyd edib:
“Eyni zamanda məktəblərdə psixoloji xidmətin real və funksional şəkildə təşkilinə ciddi ehtiyac var. Hazırda bir çox məktəbdə psixoloq vəzifəsi nominal xarakter daşıyır, funksional fəaliyyət isə müşahidə olunmur. Abituriyentlər üçün imtahana qədər və xüsusən də imtahandan sonra fərdi psixoloji dəstək xidmətləri göstərilməlidir. Onlara hansı ixtisaslara uyğun olduqları, hansı alternativ yolları seçə biləcəkləri və ən əsası, bu nəticənin həyatın sonu olmadığı aşılanmalıdır. Media da bu prosesdə ciddi rol oynayır.
Bu gün medianın əsas diqqəti yüksək bal toplayanlara yönəlib, lakin həyatın hər sahəsində uğur qazanmış, amma universitetə ikinci və ya üçüncü cəhdlə qəbul olmuş minlərlə insan var və onların təcrübəsi ictimaiyyətə təqdim edilməlidir. Gənclər görməlidirlər ki, uğursuzluq bir son deyil, bəzən daha möhkəm başlanğıc üçün bir fürsətdir.
Valideynlər də bu prosesdə ən vacib tərəfdaşlardan biridir. Onlar övladlarına yalnız nəticəyə görə deyil, onların insan və fərd olaraq dəyərlərinə görə dəyər verməli, “səni sevirəm, çünki balın yüksəkdir” yanaşmasından uzaq durmalıdırlar. Çünki uşaqlar imtahanda valideynlərinin sevgisini və qəbulunu qazanmaq üçün yarışmamalıdır. Ailədə, məktəbdə və cəmiyyətdə uşağa verilən sevgi şərtsiz olmalıdır. Yalnız bu halda o, imtahanda uğur qazansa da, itirsə də özünü dəyərli hiss edə bilər.
Bütün bu sadalananlar göstərir ki, abituriyent intiharları sadəcə bir fərdin seçimi deyil, bu, bütövlükdə cəmiyyətin öhdəsinə buraxdığı bir məsuliyyətdir.
Biz bu məsuliyyəti bölüşməli, abituriyentin təkcə balını deyil, həm də ruhunu görməli, onu yalnız nəticəyə görə deyil, bir gənc, bir insan kimi qəbul etməliyik. Təhsil sadəcə biliyin deyil, həm də həyatla mübarizənin öyrədildiyi bir mühit olmalıdır.
Əgər biz bu cür təhsil sistemi qura bilsək, intiharı çıxış yolu kimi görən abituriyentlərimizin sayı da azalacaq”, – deyə Təhsil eksperti qeyd edib.
Rəşanə Quliyeva
newsbaku.az