Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Xalq artisti Afaq Bəşirqızının “Şərəf” ordeni ilə təltif olunması barədə Sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Afaq Bəşirqızı bu yüksək mükafata Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə layiq görülüb.
newsbaku.az Bizim.Media-a istinadən xəbər verir ki, ordenlə bağlı təəssüratlarını öyrənmək üçün tanınmış sənətkarla əlaqə saxlayıb. Xalq artisti böyük sevinc hissi ilə bildirdi ki, bu təltif onun üçün gözlənilməz olub:
“Sözün açığı, çox sevinirəm, donub qalmışam. Cənab Prezidentə mənə göstərdiyi diqqət və xüsusi qayğıya görə minnətdarlığımı bildirirəm. Bu mükafat mənim üzərimə daha böyük məsuliyyət qoyur. Mən də söz verirəm ki, bundan sonra da Azərbaycan mədəniyyətinin inkişafı üçün əlimdən gələni əsirgəməyəcəyəm”.
Afaq Bəşirqızı həmçinin tezliklə səhnəyə qayıdacağını vurğulayıb:
“Mən məşq edirəm, yenidən səhnəyə qayıdacağam. Yubileyimi də məhz səhnədə qeyd edəcəyəm”.
Qeyd edək ki, avqustun 15-də Xalq artisti Afaq Bəşir qızı Səfərovanın 70 yaşı tamam olur.
newsbaku.az