Bu gün elm və texnologiyanın inkişafı sözün həqiqi mənasında “möcüzələr” yaradır. Xəyal belə edə bilmədiyimiz təcrübələri yaşamaq artıq mümkünsüz deyil. Ənənəvi təhsil sisteminin də bu innovasiyalardan yan keçə bilməyəcəyi aşikardır.
Pandemiya şəraitində bütün dünya distant təhsili təcrübə etdi. O gündən bəri bu yeni tədris növünün tətbiq sahəsi genişlənir və durmadan inkişaf edir.
Bu gün Virtual reallıq (VR) texnalogiyası ilə evdə universitet və məktəb mühiti yaratmaq, virtual səyahətlər, təhsil turları, tarixi məkanlara ekskursiyalar real praktikalara çevrilmişdir.
VR sinifləri artıq yalnız idealist bir vizyon deyil; onlar sürətlə ənənəvi öyrənmə mühitlərini dəyişdirir və dünya üzrə tələbələrə immersiv təhsil təklif edir.
Son tədqiqatlar VR əsasında öyrənmənin təsir gücünü vurğulayır. Journal of Computer-Assisted Learning jurnalı göstərir ki, VR təhsili ənənəvi metodlara nisbətən tələbə marağını təxminən 30% artırıb. Maryland Universitetinin araşdırmasına görə isə VR simulyasiyalarından istifadə edən tələbələrdə yaddaş dəqiqliyi 40% yüksəlib.
Azərbaycanda isə distant və ənənəvi tədrisin keyfiyyəti hələ də müzakirə mövzusudur. İnsanların bir qismi distant təhsilin ənənəviyə nisbətən daha rahat olduğunu, pul və zamana qənaət etdiyini, tıxacların azalmasına səbəb olduğunu, digərləri isə ev mühitində tələbə və şagirdlərin dərslərə məsuliyyətsiz yanaşa bildiyini və gəncləri asosiallaşdırdığını qeyd edirlər.
Reallığa qaldıqda isə məsuliyyətsiz tələbə və ya şagirdin həm məktəb, həm də distant tədrisdə eyni nəticəni verdiyi müşahidə edilir.
Məsələ ilə bağlı newsbaku.az-a təhsil eksperti Elçin Süleymanov fikirlərini bölüşüb:
“Pandemiya dövrü ilə birlikdə distant tədris təhsil həyatımıza daxil oldu və kifayət qədər üstünlükləri mövcuddur. Bu model məsafə baryerini aradan qaldırır, vaxt və məkan baxımından çeviklik yaradır, həmçinin şagird və tələbələr üçün əlavə imkanlar açır. Müxtəlif texnoloji proseslərdən istifadə bacarığını artırması da müsbət tərəflərindən biridir.
Lakin pandemiya zamanı müşahidə olundu ki, tamamilə distant təhsil formatı şagird və tələbələrin sosial bacarıqlarının zəifləməsinə, kollektiv mühitdə özünüifadə imkanlarının məhdudlaşmasına səbəb olur. Buna görə də hesab edirəm ki, ən optimal model hibrid təhsildir.
Hibrid modeldə müəyyən fənlər və mövzular əyani, digərləri isə distant şəkildə tədris oluna bilər. Bu seçim fənnin ağırlığına və ixtisasa uyğun aparılmalıdır. Məsələn, universitetlərdə müəllimlər tələbələrin sərbəst işlərinin qiymətləndirilməsini distant formada həyata keçirə bilərlər.
Nəticə etibarilə, ənənəvi təhsil distant təhsillə zənginləşdirilməli, daha maraqlı və effektiv hala gətirilməlidir. Ənənəvi təhsil isə sosial ünsiyyət, komanda işi və şəxsi inkişaf baxımından hələ də əvəzolunmazdır. Mən inanıram ki, hibrid təhsil modeli daha yüksək nəticələr verəcək”.
Aynur Abdullayeva
newsbaku.az