Skandinaviya ölkələrinin nüfuzlu nəşrində azərbaycanlı diplomatın məqaləsi dərc olunub

image-sl0qdma5cfz0vx8f1t7uctspjcxomkiw8oofspxi_1200backend

Azərbaycanın İsveç, Finlandiya, Norveç və Danimarkadakı səfiri Zaur Əhmədovun növbəti məqaləsi Skandinaviya ölkələrinin nüfuzlu nəşrlərindən biri olan “Aftonbladet”də dərc olunub və Ermənistanla Azərbaycan arasında sülh prosesində sıçrayışa həsr olunub.

newsbaku.az AZƏRTAC-a istinadən xəbər verir ki, diplomat onilliklər boyu davam edən münaqişə, müharibə və nəticəsiz danışıqlardan sonra tərəflərin davamlı sülhə doğru həlledici addım atdığını qeyd edir.

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Vaşinqtonda Birgə Bəyannaməni imzalayaraq, sülh yolu ilə nizamlanmanın yeni çərçivəsini təsbit ediblər, bununla da ATƏT-in Minsk qrupunun işinə son qoyublar.

Z.Əhmədov vurğulayıb ki, görüşün əsas yekunlarından biri “Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş”in, eləcə də ölkələr arasında bütün nəqliyyat-kommunikasiya əlaqələrinin açılması haqqında Sazişin paraflanmasıdır.

Diplomat genişmiqyaslı “Orta Dəhliz” təşəbbüsünün tərkib hissəsi olan “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsinə – Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında Ermənistan ərazisindən keçən təhlükəsiz quru dəhlizinə xüsusi diqqət yetirib.

Səfirin sözlərinə görə, TRIPP və “Orta Dəhliz” təkcə Cənubi Qafqaz üçün deyil, həm də Avropa, o cümlədən İsveç və Skandinaviya ölkələri üçün mühüm əhəmiyyət kəsb edir, çünki onlar daha sürətli və etibarlı ticarət yollarını təmin edəcək, eləcə də qlobal təchizat zəncirləri üçün vacib olan regionda sabitliyi gücləndirəcəklər.

“Şimali Avropa mediasının İsveç və Şimali Avropa auditoriyalarına sülh prosesini olduğu kimi – gərgin diplomatik işin və yeni münasibətlər qurmaq üçün səmimi arzunun nəticəsi kimi dərk etmələrinə kömək etmək üçün unikal imkanları var”, – deyə səfir yazır.

Z.Əhmədov vurğulayıb ki, tarixi məqamın əhəmiyyəti əvvəlki münaqişənin tarixini qoruyub saxlamağa çalışanlar tərəfindən kiçildilməməlidir. Bunun əvəzinə media region xalqları üçün yeni imkanlar açan real dəyişikliklərə diqqət yetirməlidir.

Sonda diplomat əmin olduğunu bildirib ki, Cənubi Qafqaz Vaşinqton sıçrayışını keçərək, gərginlik zonasından qitələr arasında körpüyə çevrilə biləcək.

image-rkrygbxz4zjk7dtc92x9uc7ud4kxtwpyeryhbgdz_640-1

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki