Azərbaycanda Yüksəlişdə Olan Biznes Sahələri – Ekspertdən Açıqlama

image-img_2873backend

Azərbaycan iqtisadiyyatında son illərin diqqətçəkən məqamlarından biri biznes sahələrinin şaxələnməsidir.

İqtisadçı – ekspert Günay Hüseynova newsbaku.az-a müsahibəsində ölkədə sürətlə inkişaf edən biznes sahələrini dəyərləndirib.
image-2c0b9776-be3f-40de-b63b-04b950f9c2e5

Ekspert bildirib ki, qlobal iqtisadiyyatda müəyyən sahələrin yaranması, iqtisadi strukturda baş verən dəyişikliklər, həmçinin dünyaya inteqrasiya fonunda müxtəlif biznes sahələrinə maraq artıb.

“Hal-hazırda informasiya texnologiyalarına xüsusi maraq var. Həm qlobal iqtisadiyyatda tələbat, həm də Azərbaycan Respublikasının informasiya texnologiyaları və rəqəmsallaşdırma strategiyaları ilə bağlı startapları dəstəkləməsi bu biznes növünə marağı artırıb. Ən sürətlə artan biznes sektoru İT və rəqəmsallaşdırma hesab olunur”.

Günay Hüseynovanın sözlərinə görə, siyahıda növbəti yerdə neft, qaz və ümumilikdə enerji sektoru dayanır:

“Əslində bu sahənin biznesinə tələbat daha əvvəldən var idi. Sadəcə son zamanlarda xarici ticari tərəfdaşlarımızın artması, Azərbaycanın Avropanı etibarlı enerji ilə təchizatı bu sahəni daha da cəlbedici edib”.

Ekspert əlavə edib ki, inkişaf edən digər sahə turizmdir:

“Bu sahənin inkişafı əslində illər əvvəl lisenziyaların ləğvi ilə başladı. Beynəlxalq Olimpiya və Paralimpiya oyunlarının, müəyyən festivalların keçirilməsi, Qarabağın işğaldan azad edilməsi xarici turistlərin gəlməsinə və turizmin inkişafına bir növ dəstək oldu. Bundan əlavə, bu sahənin inkişafı insanların düşüncə və təfəkkürünün dəyişməsi ilə də bağlıdır. Daha əvvəlki illərdə turizm və istirahət məkanlarına üz tutanların sayı bu qədər yüksək deyildi”.

Gələcək proqnozlara toxunan Günay Hüseynova nəqliyyat və logistika sektorunun da gəlirli sahələrdən birinə çevriləcəyini qeyd edib:

“Zəngəzur dəhlizinin açılışı potensial iqtisadi gəlirdir. Bir sıra ölkələr həm ticari əməkdaşlıq edəcək, həm də tranzit kimi istifadə edəcək. Bu fonda yeni logistika və nəqliyyat şirkətlərinin yaradılması, layihələrə qoşulmaları gəlirli olacaq”.

Aynur Abdullayeva

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki