Rəqəmsal dünyada hər şey dəyişir – artıq sahib olmaq deyil, istifadə etmək önəmlidir.
Hazırda istənilən növ xidmət “abunə” modeli ilə təqdim olunur. Bu yeni vərdiş yalnız fərdlərin xərcləmə vərdişlərini dəyişmir, həm də ölkə iqtisadiyyatına birbaşa təsir göstərir.
Bəs abunə iqtisadiyyatının üstünlükləri və riskləri nələrdir?
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı ekspert Vüqar Oruc newsbaku.az-a açıqlamasında bildirib ki, abunə iqtisadiyyatının həm makro, həm də mikroiqtisadi baxımdan təsirləri güclüdür.
“Yeni dövrün tələblərindən biri də abunə iqtisadiyyatıdır. Bu, hazırda dünyada geniş yayılmış trendlərdən biridir. İqtisadiyyatın dinamik inkişafını təmin edir və alqı satqı proseslərinin daha da dinamik şəkildə qurulmasına imkan verir.
Ümumi olaraq stabil xərcləmə imkanları yaradır və bu, ölkə miqyasında, hətta bir ailə səviyyəsində iqtisadi proqnozlaşmanı asanlaşdırır”, – deyə ekspert vurğulayıb.
Onun sözlərinə görə, bu modelin risklərindən biri vətəndaşların şəxsi məlumatlarının toplanmasıdır.
“İstər beynəlxalq, istər yerli platformalar bu məlumatları risk altına qoya bilər”, – deyə o qeyd edib.
Vüqar Oruc əlavə edib ki, abunə iqtisadiyyatı inflyasiyanın real təsirlərini hiss olunmaz dərəcədə azalda bilər:
“İnflyasiya təbii bir prosesdir, amma abunə modeli bunu müəyyən mənada görünməz edir. Bu, inflyasiyanın gizlənməsinə səbəb olur və müəyyən mənada təhlükəlidir”.
Ekspert vurğulayıb ki, abunə iqtisadiyyatı xarici istehsalın yerli bazara asanlıqla daxil olmasını və valyuta axınını təmin etmiş olur ki, bu da ölkə iqtisadiyyatına mənfi təsir göstərən bir problemin meydana çıxmasına səbəb olur.
“Abunə iqtisadiyyatının bir özəlliyi də var ki, bu sistem böyük maliyyə tələb edir. Böyük maliyyə ilə daha çox uğur qazanmaq mümkündür. Kiçik maliyyə yalnız məhdud bazarlarda və məhdud istiqamətlərdə uğur qazanmaq ehtimalına malikdir və bu da çox az təsadüf edir. Və müəyyən mənada monopolizmin yaranması üçün əsas kimi də çıxış edə bilər”, – deyə ekspert əlavə edib.
Vüqar Oruc hesab edir ki, abunə iqtisadiyyatı insanların istehlak vərdişlərini dəyişdirir:
“Artıq insanlar mülkiyyətçidən çox istifadəçiyə çevrilir. Bu yanaşma müasir dövrün tələbidir. Lakin hər bir yenilik kimi bunun da həm müsbət, həm mənfi tərəfləri var. Əsas odur ki, milli maraqlar və ümumi iqtisadi prinsiplər qorunaraq tətbiq edilsin”.
Ekspert sonda qeyd edib ki, gələcəkdə rəqəmsallaşma, elektronlaşma və şəbəkələşmə prosesi sürətləndikcə, abunə iqtisadiyyatı digər iqtisadi modelləri üstələyə bilər.
Aynur Abdullayeva
newsbaku.az