Tanınmış alim Arif Acaloğlunun öldüyü qəza ilə bağlı məhkəmədə barışıq təklif olunub

image-arif_acaloglubackend

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən həkim, Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

newsbaku.az APA-ya istinadla xəbər verir ki, bu gün Sabunçu Rayon Məhkəməsində hakim Teymur Həsənovun sədrliyi ilə keçirilən prosesdə ekspertiza rəyinin nəticəsi elan olunub.

Qeyd olunub ki, göndərilən videolardan birinin keyfiyyətinin yaxşılaşdırılması mümkün olmayıb. Digərinin keyfiyyətinin yaxşılaşdırılması mümkün olub və həmin videoya baxış keçirilib.

Zərərçəkən tərəfin vəkilləri çıxış edərək hazırkı ekspertiza rəyinin öncəki rəylə eyni olduğunu bildirib və istintaqın yekunlaşmasını xahiş ediblər. Onlar prosesin çox uzandığını və zərərçəkənin ailəsinin bundan narazı olduğunu da əlavə ediblər.

Azər Maqsudovun vəkili vəsatət qaldıraraq ədalətli məhkəmə prosesinin təmin edilməsi məqsədilə rəyi hazırlayan ekspertlər Lətif Əliyev və Təhmasib Bağırovun məhkəmədə dindirilməsini xahiş edib.

Zərərçəkən tərəf vəsatətə etiraz edib.

Azər Maqsudov vəsatətin təmin olunmasını xahiş edib:

“Mən vəkilimlə razıyam. Hər iki tərəfi də başa düşürəm ki, proses çox uzanıb. Buna görə mən də, ailəm də stres içindəyik. Özüm də insult keçirmişəm, səhhətim yaxşı deyil. Hətta istəyərdim barışıq olsun. Bunun üçün addım da atmışıq, lakin alınmayıb. Həmin qəza ehtiyatsızlıqdan baş verib və mən onu xəstəxanaya çatdırmağa çalışmışam. Bütün yas mərasimlərində də 10-15 ağsaqqalımız iştirak edib”.

Zərərçəkənin vəkili barışıq üçün real addımın atılmadığını bildirib:

“Barışıq üçün zərərçəkənin dəfn xərcləri, övladının xaricdə təhsil xərci, ailəsinin yasda iştirakı üçün Türkiyədən bura gələrkən ödədiyi məbləğlərin çeklərini və digər ödənişlərin siyahısını Azər Maqsudova və vəkillərinə təklif etdik. Lakin qiymətlə bağlı razılaşa bilmədik. Bildiyimizə görə, Azər Maqsudov qəza zamanı idarə etdiyi avtomobili satıb və onun bazar qiyməti də yüksəkdir. Yəni imkanı olmadığını deyə bilməz. Biz də barışıq üçün təklifə hazırıq. Amma real hərəkət görmürük. Çünki Azər Maqsudov kimi tanınmış ziyalının həbs edilməsi vətənimiz üçün itki olacaq. Bir ziyalımızı qəzada itirmişik, digərinin də həbsə girməsini istəmirik”.

Barışıq üçün danışıqların aparılması məqsədilə məhkəmənin təxirə salınması təklif edilib.

Proses avqustun 28-dək təxirə salınıb.

Bildirilib ki, vəkil tərəfindən verilmiş vəsatətə danışıqların nəticəsindən sonra baxılacaq.

Xatırladaq ki, qəza 2023-cü ilin noyabr ayında Sabunçu rayonu ərazisində baş verib.

Azər Maqsudov 2023-cü il noyabrın 15-də saat 23 radələrində Sabunçu rayonu ərazisində idarə etdiyi “Mercedes-Benz” markalı avtomobillə qəza törədib. Qəza 1956-cı il təvəllüdlü Arif Acaloğlunun sürətli avtomobil yolunun piyadalar üçün nəzərdə tutulmayan hissəsində avtomobilin qarşısına qəfil çıxması nəticəsində baş verib. A.Maqsudov xəsarət alan A.Acaloğlunu dərhal Sabunçu Rayon Mərkəzi Xəstəxanasına aparıb. Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

Hadisə nəticəsində ölən Arif Acaloğlu İstanbul Mərmərə Universitetinin müəllimi, türkoloq alim olub. Türkiyədə yaşayan alim Bakıya noyabrın 16-da keçirilən beynəlxalq elmi konfransda iştirak etmək üçün gəlibmiş.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki