Bu gün 20 yaşında ölümsüzlüyə qovuşan qəhrəman şəhid Fərid Məmmədzadənin doğum günüdür.

image-img_2886backend

Şəhidlik ən uca zirvə, Vətənə sədaqətin və mərdliyin ən ali nümunəsidir. Ana vətənin bütövlüyü və azadlığı uğrunda canından keçən igidlərimizin hər biri xalqımızın qürur mənbəyidir. Məmmədzadə Fərid də həmin qəhrəmanlarımızdan biridir.

Fərid Mehman oğlu Məmmədzadə 20 avqust 2000-ci ildə Ağdaş rayonunda ailənin ilk övladı olaraq dünyaya göz açdı.

Orta təhsilini Tofiq İsmayılov adına 8 saylı məktəbdə alıb. Musiqiyə böyük marağı sayəsində o, təhsilini Şuşa Musiqi Kollecində qarmon ixtisası üzrə davam etdirib.

2019-cu ilin iyulunda hərbi xidmətə yollanıb və Xüsusi Təyinatlı Qüvvələrə qəbul edilib. Bu uşaqlıqdan vətənpərvər ruhda böyüyən Fərid üçün həm qürur, həm də böyük məsuliyyət idi.

Şəhidimizin anası Nəzakət xanım Məmmədovanın sözlərinə görə, Fəridin ən böyük arzusu hərbi xidmətdən qayıtdıqdan sonra yenidən vətənə xidmət etmək, polis olmaq idi.  Hərbi xidmətdə olarkən atasına belə deyirdi: Mən polis olmaq istəyirəm. Bura mənim üçün əsl məktəbdir”.

Sonuncu dəfə 1 oktyabr atası ilə əlaqə saxlayıb: “Mən yaxşıyam, narahat olmayın. Hər şey qaydasındadır. Yoldayıq, gedirik”,– deyib.

Taleyi ona başqa bir zirvəni – şəhidlik zirvəsini nəsib etdi. O, Vətən müharibəsi zamanı – 2020-ci il oktyabrın 4-də Füzuli rayonunda düşmən tərəfindən açılan atəş nəticəsində aldığı güllə yarasından qəhrəmancasına şəhid olub.

image-img_2884
Şəhid Məmmədzadə Fərid Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəsur döyüşçü”, “Kəlbəcərin azad edilməsinə görə”, “Cəbrayılın azad olunmasına görə” medalları və “Azərbaycan bayrağı” ordeni ilə təltif edilib.

Onun qısa, amma şərəfli ömrü bütün Azərbaycan xalqı üçün örnəkdir.

Şəhidimizin doğum günündə onun əziz xatirəsini dərin ehtiramla yad edir, ailəsinə – ata-anasına, qardaşına və yaxınlarına başsağlığı veririk. Onların ağrısı hamımızın ağrısıdır.

Fərid və onun kimi qəhrəmanların sayəsində Qarabağımızda yenidən çiçək açır.

Allah rəhmət eləsin!

 

Aynur Abdullayeva

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki