Qazaxıstanla Özbəkistan sərhədində yanacaq-sürtkü materiallarının qaçaqmalçılığı üçün qazılmış 450 metr uzunluğunda yeraltı tunel tapılıb.
newsbaku.az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Qazaxıstanın Maliyyə Monitorinqi Agentliyindən (AFM) məlumat verilib.
“Prokurorluğun koordinasiyası ilə AFM-nin Türküstan vilayəti üzrə İdarəsi və Milli Təhlükəsizlik Komitəsi İdarəsinin birgə əməliyyatı, eləcə də Özbəkistanın hüquq-mühafizə orqanlarının köməyi ilə yeraltı tunel vasitəsilə neft məhsullarının qaçaqmalçılığını təşkil edən beynəlxalq cinayətkar qrupun fəaliyyətinin qarşısı alınıb”, – deyə məlumatda bildirilib.
Qurumun qeyd etdiyinə görə, Qazaxıstan və Özbəkistanın sərhəd bölgəsində bir qrup şəxs 450 metr uzunluğunda yeraltı tunel qazıb, qaçaqmalçılıq fəaliyyəti iki ay ərzində həyata keçirilib. “Əməliyyat zamanı cinayət sxeminin bütün iştirakçıları, o cümlədən Özbəkistan vətəndaşları müəyyən edilib. Qazaxıstan Respublikasının beş vətəndaşı şübhəli şəxs qismində tanınıb. Tunel ləğv edilib”, – deyə AFM bildirib.
newsbaku.az