Yeni dövrün reallığı – Azərbaycanın yumşaq güc strategiyası

image-1200-1backend

III Şuşa Qlobal Media Forumu təkcə media nümayəndələrinin toplaşdığı bir platforma deyil, həm də Azərbaycanın beynəlxalq ictimaiyyətə necə mesaj verdiyini, özünü necə təqdim etdiyini və hansı dəyərləri önə çıxardığını göstərən bir yumşaq güc nümunəsi idi.

Yumşaq güc nədir?

Yumşaq güc bir ölkənin və ya qurumun digər ölkələrə və xalqlara zor tətbiq etmədən, mədəniyyət, dəyərlər, diplomatiya və informasiya vasitəsilə qlobal təsir göstərmə potensialını izah edir. Yəni bu güc zorla və ya təzyiqlə yox, cəzb etməklə və inandırmaqla işləyir. Gücün bu forması daha dərin, davamlı və qarşılıqlı hörmətə əsaslanır. Bu anlayışı ilk dəfə ABŞ-li professor Cozef Nay 1980-ci illərdə irəli sürüb.

O qeyd edirdi ki, dünya siyasətində yalnız hərbi və iqtisadi, yəni sərt güclə deyil, əksinə, yumşaq güclə ölkənin cəlbedici olması, mədəniyyətinin yayılması, etibarlı beynəlxalq imicə malik olması və ideoloji nüfuzu daha davamlı və təsirli nəticələr verə bilər. Çünki ənənəvi sərt gücün, yəni ordunun, sanksiyaların, iqtisadi təzyiqlərin təsiri qısamüddətli olur, lakin qalıcı təsir üçün daha incə və effektiv bir yol var: yumşaq güc. Bu güc vasitəsilə bir ölkə öz mədəniyyətini, dəyərlərini və tarixini tanıdır, etibar və rəğbət qazanır, ideoloji və diplomatik dəstək cəlb edir, öz ətrafında simpatik təsir dairəsi yaradır və nəticədə vazkeçilməz tərəfdaş imici qazanır.

image-640-1

Azərbaycanın yumşaq güc siyasəti və III Şuşa Qlobal Media Forumu

Şuşa Qlobal Media Forumu Azərbaycanın yumşaq diplomatiya aləti kimi mühüm rol oynayır, tarixi məkandan yeni mesaj verilir. Forumun Qarabağda, Xankəndidə keçirilməsi sadəcə coğrafi seçim deyil, bir zamanlar işğal altında olan bu qədim şəhər indi Azərbaycanın mədəni və siyasi dirçəlişinin simvoluna çevrilib. Azərbaycan öz torpağına sahibdir, mədəni irsini bərpa edir və onu dünyaya açır.

Forumda media mühitindəki çağırışlar, dezinformasiya ilə mübarizə, informasiya suverenliyi kimi mövzular müzakirə edildi ki, bu da yumşaq gücün əsas vasitələrindəndir. Bu vasitə ilə Azərbaycanın haqlı mövqeyinin nümayiş edilməsi, Qarabağla bağlı mədəni və tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, regionda sabitlik və əməkdaşlıq çağırışlarının edilməsi çox əhəmiyyətlidir. Forumda 50-dən çox ölkədən media və ekspert nümayəndələri iştirak edirdilər. Bu isə qlobal dialoq və fikir mübadiləsi üçün əsl platforma idi. Yumşaq güc məhz belə mühitlərdə formalaşır. Tədbirin bir hissəsi olaraq tarixi abidələrin ziyarəti, konsertlər və sərgilər də təşkil edildi. Bu da mədəni diplomatiyanın bir hissəsidir, tarix, incəsənət və mədəni irs vasitəsilə xarici nümayəndələrlə emosional bağların qurulmasına imkan yaradılır.

III Şuşa Qlobal Media Forumu Azərbaycanın yumşaq güc strategiyasının praktik nümunəsidir. Bu tədbir vasitəsilə Azərbaycan öz haqlı mövqeyini dünya auditoriyasına çatdırır, mədəniyyətini tanıdır və paylaşır, etibar və hörmət qazanır, regionda sülh və əməkdaşlıq üçün mədəni körpülər qurur. Yumşaq güc uzunmüddətli nəticə verən, səssiz, amma güclü təsir vasitəsidir və Azərbaycan bu sahədə öz strateji bacarığını göstərir, imtinaedilməz, ehtiyac duyulan ölkəyə çevrilir.

image-640-1

Yumşaq güc niyə əhəmiyyətlidir?

Yumşaq güc ölkənin beynəlxalq arenada qəbul olunmasına, siyasi mövqeyinin güclənməsinə imkan yaradır. Öz mədəniyyətini və dəyərlərini tanıdan ölkə beynəlxalq müttəfiqlər qazanmaqda daha asan irəliləyir. Zor tətbiqindən fərqli olaraq, yumşaq güc dialoq və qarşılıqlı anlaşma üzərində qurulur. Bu isə müharibə və gərginliyin qarşısını almaqda mühüm rol oynaya bilər. Ona görə də yumşaq güc imic siyasətinin təməlidir. Bu isə gələcək nəsillər üçün mədəni təsir zonası yaradır. Gedişat da göstərir ki, yeni dövrün döyüş meydanında da əsas güc vasitəsi budur və kim bu gücdən daha yaxşı istifadə edirsə, ictimai rəyin də sahibidir. Azərbaycan da bu strategiyanı düzgün istiqamətdə quraraq özünü Cənubi Qafqazın həm də bu sahədə liderinə çevirir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki