Son günlər incəsənət məktəblərinə qəbul prosesi ilə bağlı sosial şəbəkələrdə müxtəlif müzakirələr və fərqli yanaşmalar səsləndirilir.
newsbaku.az “Qta.az”a istinadən xəbər verir ki, Təhsil eksperti, Təhsil İşçilərinin Həmrəyliyi Alyansının sədri Əmrah Həsənli məsələyə aydınlıq gətirərək bildirib ki, ictimaiyyətin diqqəti bəzi mühüm faktlardan yayınır:
“Əvvəla qeyd etməliyəm ki, bu il 7 min uşaq incəsənət məktəblərində tamamilə ödənişsiz təhsil almaq imkanı qazanıb. Bu, çox ciddi rəqəmdir və Azərbaycanın mədəniyyətə verdiyi dəyərin göstəricisidir. Dünyanın çox az ölkəsində belə bir imkan mövcuddur. Azərbaycan isə o nadir ölkələrdəndir ki, həm ödənişsiz, həm də ödənişli incəsənət təhsili paralel şəkildə təşkil olunur. Təəssüf ki, bəzi şəxslər yalnız ödənişli yerləri qabardır, ödənişsiz yerlərin mövcudluğunu isə tamamilə gözardı edirlər.”
Əmrah Həsənli əlavə edib ki, bütün yerlərin ödənişsiz olması mümkün deyil və bu, normal qəbul prosesinin qaydasıdır:
“Necə ki, ali təhsil müəssisələrində dövlət sifarişi ilə yanaşı ödənişli əsaslarla da qəbul həyata keçirilir, eyni sistem incəsənət məktəblərində də tətbiq olunur. Çünki müraciət edənlərin sayı minlərlədir, yerlər isə məhduddur. Ödənişli əsaslar heç də məcburiyyət deyil, sadəcə əlavə seçim imkanıdır. İmkanı olan valideyn övladını ödənişli əsaslarla da oxuda bilər.”
Məsələ ilə bağlı səslənən “mədəniyyət satılır” iddialarına toxunan ekspert vurğulayıb ki, bu ifadə əsassızdır və həqiqəti əks etdirmir:
“Əgər minlərlə uşaq bu gün incəsənət məktəblərində pulsuz təhsil ala bilirsə, bu, mədəniyyətin satılması yox, dövlətin mədəniyyətə sahib çıxmasıdır. Mədəniyyət Nazirliyi bu prosesdə nəzarətçi və tənzimləyici rolunda çıxış edir. Əsas məqsəd incəsənətə marağı olan uşaqlara keyfiyyətli təhsil vermək, mədəniyyətimizi qorumaq və inkişaf etdirməkdir. Ona görə də mədəniyyətin satıldığı barədə deyilən fikirlər tamamilə əsassızdır.”
newsbaku.az