Dünya iqtisadiyyatında rəqəmsallaşma və texnologiyaların inkişafı sürətlənir. Azərbaycanda bu prosesin təsiri ilə həm yerli biznes mühiti formalaşır, həm də istehsal məhsullarının xarici bazarlara çıxarılması istiqamətində dövlət proqramları həyata keçirilir. Lakin iqtisadçı-ekspert Günay Hüseynovanın sözlərinə görə, bu sahədə hələ də ciddi boşluqlar mövcuddur.
Ekspert “NewsBaku”ya açıqlamasında bildirib ki, “Made in Azerbaijan” brendinin dünya arenasında tanınması üçün rəqabətə davamlı məhsulların istehsalı vacibdir:
“Çox təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, beynəlxalq bazarlara çıxarılan elə bir yerli məhsulumuz yoxdur ki, o, dünya arenasında tanınsın. Yəni hansısa məhsul deyəndə sırf ‘made in Azerbaijan’ ağıla gəlsin. Bu ilk növbədə onunla bağlıdır ki, rəqabət mühiti formalaşmalıdır. Alternativi olmayan məhsul istehsal olunmalı və beynəlxalq arenada həmin məhsula real tələbat olmalıdır. Bizdə isə ixrac daha çox meyvə, tərəvəz, konserv və bəzi içki məhsulları ilə məhdudlaşır”, – deyə Hüseynova vurğulayıb.
Onun sözlərinə görə, qlobal iqtisadiyyatda artıq texnologiya dövrü başlayıb və yüksək gəlir gətirən sahələr də məhz texnoloji məhsullarla bağlıdır:
“İnsanların, istər yerli istehlakçılar olsun, istərsə də xarici tərəfdaşlar tərəfindən hər zaman texnoloji avadanlıqlara tələbat var. Bu baxımdan düşünürəm ki, ölkəmizdə müəyyən texnoloji avadanlıqların istehsalına başlanması həm qeyri-neft sektorunun inkişafı, həm də ölkəyə valyuta axını baxımından məqsədəuyğundur”.
Ekspert qeyd edib ki, Azərbaycan məhsullarının xarici bazarlara çıxışında əsas çətinliklərdən biri ticari tərəfdaşların azlığıdır:
“Məhsullarımızı xaricə çıxara bilmirik, çünki bu sahədə tərəfdaşlarımız çox azdır. Ona görə də təkmilləşdirilmiş mütəxəssislərə ehtiyac var. Həm beynəlxalq sərgilərdə məhsulları tanıtmaq, həm də bazara uyğun rəqabətədavamlı məhsul istehsal etmək üçün yeni yanaşmalar lazımdır”.
Günay Hüseynovanın fikrincə, qida və geyim sektorunda da dünya standartlarına cavab verən orijinal məhsulların istehsalı vacibdir:
“Hazırda qlobal iqtisadiyyatda tərkibi tamamilə orijinal olan məhsullara böyük ehtiyac var. Yaponiyada və digər ölkələrdə belə məhsullar xüsusi qeyd olunur və alıcı tərəfindən daha çox tələb olunur. Azərbaycanda da bu sahədə inkişaf olmalıdır ki, xarici bazarlarda tələbat yaransın. Əks halda sıradan məhsullarla beynəlxalq bazara çıxmaq çətindir”.
Ekspert əlavə edib ki, Azərbaycanın dünya bazarında “Made in Azerbaijan” brendi ilə tanınması üçün həm istehsal keyfiyyəti artırılmalı, həm də beynəlxalq normalara uyğunluq təmin edilməlidir.
Aynur Abdullayeva
newsbaku.az