Həkim-Kosmetoloq Xəbərdarlıq Edir: “Gözəllik Sağlamlıq Hesabına Qazanılmamalıdır”

image-img_2988backend

Son illərdə kosmetoloji və estetik prosedurların populyarlaşması ilə yanaşı, keyfiyyətsiz, mənbəyi bəlli olmayan və qeyri-peşəkarlar tərəfindən icra edilən xidmətlərin artması  sağlamlıq üçün ciddi riskləri daşıyır.

Həkim-kosmetoloq Nigar RüfətNewsBaku”ya müsahibəsində məsələyə münasibət bildirərək bildirib:

image-img_2993

“Artıq illərdir ki, kosmetoloji və estetik prosedurlara maraq çox artıb. İnsanlar daha gənc görünmək, dərilərini cavan, görünüşlərini daha cazibədar etmək üçün müxtəlif kosmetoloji xidmətlərə üz tuturlar. Amma təəssüf ki, hamı bu xidmətləri düzgün yerdə və peşəkarların yanında etdirmir. Çox vaxt ucuz qiymətə görə insanlar keyfiyyətsiz və mənşəyi bilinməyən preparatlardan istifadə olunan yerlərə gedirlər. Bu isə sağlamlıq üçün təhlükə, gözəllik üçün isə əks təsir yaradır.”

Mütəxəssis qeyd edib ki, saxta dolğu və botoks inyeksiyaları dəridə güclü allergik reaksiya – şişkinlik, qızartı və izlərə səbəb ola bilər. Süni gellər və biopolimerlər isə üzdə ömürlük qalmaqla eybəcər görüntü yaradır və hətta əməliyyatla belə tam çıxarılmır.

“Steril olmayan iynələrlə edilən mezoterapiya və microneedling prosedurları insanlara hepatit, HİV kimi ciddi xəstəliklər yoluxdura bilər. Qeyri-peşəkar şəxslərin etdiyi kimyəvi pilinqlər dərini yandırır, çapıq və ləkələr buraxır. Hətta düzgün istifadə olunmayan lazer aparatları belə yanıq və qalıcı zədələrə səbəb ola bilər. Yəni gözəllik arzusu insanı bəzən xoşagəlməz nəticələrlə üz-üzə qoya bilər.”

Nigar Rüfət bu cür fəsadların qarşısını almaq üçün insanlara diqqətli olmağı tövsiyə edir:

“İlk növbədə proseduru edən şəxsin mütəxəssis olub-olmadığını yoxlamaq lazımdır. İkinci vacib məqam preparatların haradan gətirildiyi və orijinal olub-olmamasıdır. Hər kəs sertifikatlı məhsul tələb etməli, preparatlar pasientin gözü önündə açılmalıdır. Gigiyena məsələsinə isə xüsusi diqqət verilməlidir – iynələr, alətlər ya steril, ya da birdəfəlik olmalıdır.”

Kosmetoloq xəbərdarlıq edib ki, “ucuz qiymət” gözəllik üçün əsas seçim meyarı olmamalıdır:

“İnsanlar ucuz qiymətə aldanmamalıdır. Çünki gözəllik ucuz yolla əldə ediləndə, daha sonra çox baha başa gəlir. Unutmaq olmaz ki, prosedurlar yalnız xarici görünüş üçün deyil, həm də sağlamlıq üçün edilir. Əgər sağlamlıq əldən gedirsə, gözəlliyin heç bir mənası qalmır. Məncə, ən böyük gözəllik elə sağlamlıqdır.”

 

Aynur Abdullayeva

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki