Milli Qəhrəman Hökumə Əliyevanın atası: “Bizə Rusiya tərəfindən hər hansı ödəniş edilməyib”

image-347351194490314backend

Rusiya Xarici İşlər Nazirliyi 2024-cü ilin dekabrında Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş verən “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin qəzası ilə bağlı, ümumilikdə, 1.003 milyard rubl məbləğində sığorta vəsaitinin ayrıldığını iddia edib.

Həmçinin qeyd olunub ki, xəsarət alan və həlak olanların ailələrinə 358.4 milyon rubl ödəniş edilib.

“15 Rusiya vətəndaşından 7-si, 38 Azərbaycan vətəndaşından 35-i, Qırğızıstan vətəndaşlarından 3-ü, Qazaxıstan vətəndaşlarından 6-nın hər birinə ödənişlər tam ödənilib. Bu günə kimi təyyarənin xəsarət almış sərnişinlərinə və ölənlərin yaxınlarına ümumilikdə 358.4 milyon rubl sığorta ödənişi edilib”, – Rusiya XİN-in məlumatında bildirilib.

newsbaku.az Oxu.Az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı danışan Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Alıyev Rusiyanın ödənişlər həyata keçirməsi ilə bağlı iddialarını yalanlayıb.

Onun sözlərinə görə, Rusiya tərəfi yalan məlumat paylaşır:

“Qəza baş verən andan bu günə kimi bizə Rusiya tərəfindən hər hansı ödəniş edilməyib. Bu məsələ ilə bağlı heç bir məlumatımız yoxdur. Səsləndirilən rəqəmlər həqiqəti əks etdirmir”.

Xatırladaq ki, 2024-cü il dekabrın 25-də AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin (37-si Azərbaycan, 16-sı Rusiya, altısı Qazaxıstan və üçü Qırğızıstan vətəndaşı), beş ekipaj üzvü olub. Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki