Azərbaycanda minlərlə gənc ali təhsil alsa da, əmək bazarında özünə yer tapa bilmir. Mütəxəssislər bunu əsasən ixtisas seçimi ilə bazar tələbləri arasındakı uyğunsuzluqla izah edirlər.
Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli newsbaku.az-a açıqlamasında problemin səbəbləri və həlli yollarından danışıb:
“Bu məsələ, təhsilin əmək bazarının real tələbləri ilə üst-üstə düşməməsi problemi, uzun illərdir müzakirə mövzusudur və əslində yalnız Azərbaycanın deyil, bütün dünyanın üzləşdiyi çağırışlardan biridir. Ancaq bizdə vəziyyəti kəskinləşdirən əsas amillərdən biri ondan ibarətdir ki, abituriyentlərin ixtisas seçimi çox vaxt düşünülmüş peşə yönümünə deyil, daha çox təsadüfi seçimlərə və cəmiyyətin gözləntilərinə əsaslanır. Çox zaman valideynlərin təsiri, müəyyən ixtisasların “prestijli” görünməsi və yaxud da imtahanda toplanan balın məhdudiyyəti gəncin gələcək həyat yolunu müəyyənləşdirir. Nəticədə əmək bazarında reallığa uyğun gəlməyən minlərlə kadr formalaşır”.
Ekspert bildirib ki, ali məktəblərdə tədrisin məzmunu da müasir bazarın dinamikasına tam cavab vermir.
“Bir çox universitetlərdə nəzəri biliklərə üstünlük verilir, praktik bacarıqlar isə yetərincə formalaşdırılmır. Halbuki əmək bazarı artıq yalnız diplomla kifayətlənmir, müasir texnologiyaları mənimsəmiş, çevik, əlavə bacarıqlara sahib gənclər tələb edir. Təəssüf ki, tələbə universiteti bitirəndə əldə etdiyi biliklər çox vaxt quru nəzəriyyədən ibarət olur və real iş mühitinə tətbiq edilə bilmir”.
Ekspert həmçinin məsuliyyətin təkcə təhsil müəssisələrinin üzərinə düşmədiyini, dövlətin planlaşdırma siyasətinin də xüsusi önəm daşıdığını qeyd edib :
“Hansı sahələrdə daha çox kadra ehtiyac olduğunu, hansı istiqamətlərin artıq bazarı doyurduğunu elmi araşdırmalara əsaslanan proqnozlarla müəyyənləşdirmək və qəbul planlarını buna uyğun tənzimləmək vacibdir. Təəssüf ki, bizdə çox vaxt qəbul planı bazarın ehtiyacından daha çox universitetlərin imkanlarına əsaslanır. Bu isə diplomlu, amma işsiz gənclərin sayını artırır.”.
Əmrah Həsənlinin fikrincə, gənclərin özlərinin də məsuliyyəti böyükdür. Onlar yalnız universitet diplomuna güvənməməli, əlavə bilik və bacarıqlara sahib olmalıdırlar:
“Sertifikasiyalar, xarici dillər, kompüter bacarıqları, kommunikasiya və komanda ilə işləmək bacarıqları artıq həlledici rol oynayır. Əgər gənc tələbəlik illərində özünü inkişaf etdirmirsə, sadəcə diplomun iş gətirəcəyini düşünürsə, bu, reallıqdan uzaqdır”.
Ekspert yekunda qeyd edib ki, “diplomlu işsizlik” probleminin həlli yalnız bir tərəfin üzərinə qoyula bilməz:
“Bu, təhsil müəssisələrinin proqramlarının yenilənməsi, dövlətin əmək bazarına uyğun kadr planlaşdırması və gənclərin şəxsi inkişaf məsuliyyətini üzərinə götürməsi ilə mümkün ola bilər. Əks halda, ali təhsilli, amma əmək bazarında özünə yer tapa bilməyən gənclərin sayı daha da artacaq”.
Aynur Abdullayeva
newsbaku.az