Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ-li həmkarı Donald Trampı Ermənistan və Azərbaycan arasında vəziyyətin uğurla nizamlanmasına görə təbrik edib.
newsbaku.az “Belta”ya istinadən xəbər verir ki, bu barədə Lukaşenko jurnalistlərin suallarını cavablandırarkən bildirib.
O, ABŞ prezidenti ilə telefon danışığının yeni təfərrüatını açıqlayıb:
“Bu, böyük uğurdur. Dedim ki, yaxşı ki, imkan tapıb onları danışıqlar masası arxasına əyləşdirdiniz. Siz azərbaycanlılar və ermənilərlə belə bir saziş imzaladınız. Heç kim buna qarşı çıxa bilməz. ABŞ bu dəhlizin (Zəngəzur – red.) Ermənistan ərazisindən çəkilməsinə kömək edəcək. Beləcə, Azərbaycan öz əraziləri ilə təkcə hava yolu ilə birləşməyəcək. Bu, sülh sazişidir”, – Lukaşenko qeyd edib.
Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderlərinin üçtərəfli sammiti keçirilib.
Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Donald Trampın vasitəçiliyi ilə 7 bənddən ibarət birgə bəyannamə imzalayıb, sülh və dövlətlərarası münasibətlərin bərqərar olması haqqında sazişi paraflayıblar.
newsbaku.az