“Azərbaycanda şagirdlərin xarici dil, xüsusilə də ingilis dili biliklərinin zəif olması uzun illərdir müzakirə olunan məsələlərdəndir. Son vaxtlar əvvəlki illərlə müqayisədə ingilis dili bilənlərin sayı artsa da, hələ də müəyyən problemlər qalmaqdadır”.
Bu barədə təhsil eksperti Rizvan Fikrətoğlu newsbaku.az-a açıqlama verib.
Onun sözlərinə görə, şagirdlərin dil biliklərinin zəifliyinin başlıca səbəbi dərs metodikasında və yanaşmada olan çatışmazlıqlardır:
“Xarici dil dərsləri məktəblərdə çox vaxt qrammatika üzərində qurulur. Danışıq və ünsiyyət bacarıqları isə ikinci planda qalır. Şagirdlər dili imtahan fənni kimi öyrənir, amma praktik istifadə imkanları olmur. Müəllim hazırlığında da problemlər var. Xarici dil müəllimlərinin hamısı eyni səviyyədə deyil, bəzilərinin bilikləri və metodikaları zəifdir. Müasir interaktiv dərs metodları – kommunikativ yanaşma, oyunlar, texnologiya əsaslı tədris isə ya az istifadə olunur, ya da ümumiyyətlə tətbiq edilmir”.
Ekspert əlavə edib ki, dil mühiti problemi də mövcuddur:
“Məktəbdən kənarda şagirdlərin ingilis və ya digər dillərdə danışmaq imkanı demək olar ki, yoxdur. Televiziya, media və gündəlik həyat daha çox ana dilindədir ki, bu da öyrənməni ləngidir. Digər tərəfdən, motivasiya çatışmazlığı da böyük problemdir. Şagirdlər xarici dil biliklərinin gələcəkdə hansı üstünlüklər verəcəyini tam anlamırlar. Təhsil sistemində də motivasiyaedici mexanizmlər zəifdir. Beynəlxalq sertifikatların tanınması və dil biliklərinə görə əlavə üstünlüklər kifayət qədər görünmür”.
Problemdən çıxış yollarına toxunan Rizvan Fikrətoğlu bildirib ki, dərs metodları yenilənməli, kommunikativ yanaşmaya keçid təmin edilməlidir:
“Dərslərdə oyunlar, debatlar, qrup işləri, rolların canlandırılması daha çox tətbiq olunmalıdır. Müəllimlərin peşəkarlığı artırılmalı, onlar üçün davamlı təlimlər və beynəlxalq sertifikat kursları təşkil olunmalıdır. Xarici mütəxəssislərin iştirakı ilə proqramlar zənginləşdirilməlidir. Məktəblərdə ingilis dili klubları, film günləri, debat dərnəkləri yaradılmalı, xarici dildə televiziya və filmlərdən, audioresurslardan daha çox istifadə olunmalıdır. Texnologiyaların tətbiqi gücləndirilməlidir. İnteraktiv lövhələr, mobil tətbiqlər, onlayn oyunlardan sistemli istifadə imkanları genişləndirilməlidir”.
Ekspertin sözlərinə görə, motivasiya mexanizmləri də yenilənməlidir:
“Şagirdlərin TOEFL, IELTS kimi beynəlxalq imtahanlara hazırlaşması üçün məktəb daxilində imkanlar yaradılmalı, xarici dil biliklərinə görə əlavə təqaüdlər və mükafatlar tətbiq olunmalıdır”.
Rizvan Fikrətoğlu yekun olaraq vurğulayıb ki, əsas problem metodika və mühitlə bağlıdır:
“Şagirdlər dili öyrənirlər, amma istifadə etmədiklərinə görə unudurlar. Çıxış yolu praktik istifadənin artırılması və motivasiyanın gücləndirilməsidir”.
newsbaku.az