Prezident İlham Əliyevin Türkmənistana səfəri çərçivəsində Azərbaycan, Türkmənistan və Özbəkistan liderlərinin iştirakı ilə keçirilən üçtərəfli görüş həm siyasi, həm iqtisadi, həm də mənəvi baxımdan Türk dünyasının birliyinə əhəmiyyətli töhfə hesab olunur.
newsbaku.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib.
2025-ci ilin avqust ayında Prezident İlham Əliyevin Türkmənistana rəsmi səfəri yalnız diplomatik və strateji gündəmlə məhdudlaşmayıb. Bu səfər, həm də türkdilli dövlətlərin ortaq tarixi, mədəni və mənəvi kökləri üzərində qurulmuş birliyin daha da dərinləşdiyini nümayiş etdirib.
Prezident İlham Əliyev, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə baş tutan üçtərəfli görüş çərçivəsində bir sıra mühüm sənədlər imzalandı.
Sənədlər arasında Transxəzər Nəqliyyat Dəhlizi üzrə əməkdaşlıq memorandumu, enerji sahəsində məlumat və texnologiya mübadiləsi, kənd təsərrüfatı və qida təhlükəsizliyi üzrə sazişlər xüsusi önəm daşıyır.
Muradova qeyd edib ki, bu razılaşmalar türk dünyasının iqtisadi və logistik potensialını birləşdirir, regionda alternativ enerji və davamlı inkişaf prinsiplərinin tətbiqinə dəstək verir, ərzaq təhlükəsizliyi və ticarət əlaqələrinin genişlənməsinə xidmət edir.
Azərbaycanın təşəbbüsləri ilə Mərkəzi Asiya və Qafqazı birləşdirən inteqrasiya layihələri türk dövlətləri arasında qarşılıqlı asılılığı gücləndirir və regional sabitliyi möhkəmləndirir.
O əlavə edib ki, hər gün bir az daha güclənən birliyin sarsılmaz dayağı ortaq ruh, mədəniyyət və mənəviyyatdır. Azərbaycan, Türkmənistan və Özbəkistan xalqları əsrlər boyu eyni kökdən, eyni inamdan, eyni dildən və mədəniyyət mühitindən qidalanıblar.
“Bu gün biz rəsmi sənədlərə imza atırıq, amma bizi birləşdirən tarixdə daşlaşmış imzalar – Dədə Qorqudun nəsihətlərində, Məxtimqulunun misralarında, Nizamidən Nəvayiyə qədər uzanan ədəbi körpülərdə iz qoyub. Xalqlarımız Novruzu birlikdə qeyd edib, qurban bayramında eyni dua ilə birləşib, eyni naxışla xalçalar toxuyub, eyni dastanları dinləyərək böyüyüb. Biz bu ortaq yaddaş üzərində formalaşan və yalnız zamanın yaratdığı fürsətləri vaxtında dəyərləndirən strateji tərəfdaş deyil, həm də bir-birinə qırılmaz tellərlə bağlı böyük bir ailəyik”, – deyə Bahar Muradova vurğulayıb.
Prezident İlham Əliyev çıxışında qeyd edib ki, “Türk dünyası həm mənəvi güc mərkəzidir, həm də beynəlxalq münasibətlərdə ciddi təsirə malik bir qüvvədir.” Bu gün liderlərin ortaq məqsədlər naminə bir araya gəlməsi siyasi, mədəni və tarixi baxımdan münasibətləri yeni müstəviyə daşıyır.
Muradova əlavə edib ki, imzalanan sənədlər və atılan addımlar gələcək nəsillərə daha sıx bağlı bir Türk dünyası mirası qoymaq üçündür. Bu birlik həm gücümüzdür, həm də məsuliyyətimizdir.
“Azərbaycan, Türkmənistan və Özbəkistan arasında qurulan üçtərəfli əməkdaşlıq platforması Türk Dövlətləri Təşkilatının məqsəd və prinsiplərinə uyğun olaraq yalnız bugünün problemlərini həll etmir, həm də sabahın daha güclü, firavan və qüdrətli Türk dünyasının formalaşmasına xidmət edir.”
Bahar Muradova yekun olaraq bildirib:
“Əminliklə söyləmək olar ki, bu təməl üzərində yüksələn birliyimiz ortaq uğurlu gələcəyimizin ən etibarlı zəmanətidir.”
newsbaku.az