Azad Fikrin Bayramı

image-22backend

Hər bir xalqın tərəqqisində söz azadlığı, müstəqil fikir və obyektiv informasiya mühüm rol oynayır. Azərbaycan milli mətbuatı— 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin redaktorluğu ilə əsası qoyulmuşdu. İlk nömrəsi işıq üzü görən “Əkinçi” qəzetinin nəşri ilə bünövrəsi qoyulan Azərbaycan mətbuatı o dövrdən indiyədək uğurlu yol qət etmişdir.

Mətbuatımızın banisi Həsən bəy Zərdabi böyük çətinliklərdən sonra Bakıda ana dilində “Əkinçi” qəzetinin nəşr edilməsi üçün icazə almışdı. Qəzet xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük rol oynamışdır.

Qəzetin mütərəqqi ideyaları Rusiya hakim dairələrini narahat etmiş və iki il sonra qəzet bağlanmışdı. Lakin iki il ərzində əkdiyi öz toxumları bu günümüzə qədər gəlib çatmışdı. Azərbaycan mətbuatının ilk müjdəçisi “Əkinçi”dən sonra bu sahədə xeyli irəliləyişlər olmuş, XIX əsrin sonlarında 1879  “Ziya”, 1880 “Kəşkül”,  1880-1890-cı illərdə “Kaspi” qəzetləri nəşrə başlamışdı.

Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bir çox milli-mənəvi dəyərlərə qayıdış mətbuat sahəsində də özünü göstərdi. Bu gün Azərbaycanda yüzlərlə mətbu orqan — qəzet və jurnal fəaliyyət göstərir.

Bu gün mətbuatımızda bir çox yeniliklər baş verir. Medianın təkmilləşməsi üçün media məktəbləri fəaliyyət göstərilir. Hətta 19-21 iyul Azərbaycanın mədəniyyət paytaxtı Şuşada III Şuşa Qlobal Media Forumu başa çatdı. Forumda dünyanın 50-dən artıq ölkəsindən 140-dan çox jurnalist və media nümayəndəsi iştirak etdi.
Bununla yanaşı tədbirdə “Süni İntellekt Dövründə Media Dayanıqlılığı” mövzusuna həsr olunmuşdu. Panel sessiyalarında informasiya təhlükəsizliyi, feyk xəbərlərlə mübarizə, media savadlılığı və jurnalistikanın gələcək trendləri müzakirə olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev forum iştirakçıları ilə görüşərək ölkədə söz azadlığı, müasir medianın inkişafı və informasiya müharibəsinə qarşı mübarizə sahəsində görülən işləri diqqətə çatdırıb.
Forum iştirakçıları həmçinin Şuşanın tarixi abidələrini ziyarət edib, Qarabağ bölgəsindəki yenidənqurma işləri ilə tanış olublar. Şuşa Qlobal Forumu beynəlxalq medianın diqqətini regiona yönəltməklə yanaşı, Azərbaycanın media diplomatiyasında yeni bir mərhələnin əsasını qoyur.
Bu tarix təkcə jurnalistlərin peşə bayramı deyil, eyni zamanda azərbaycanlıların maariflənmə və milli şüur yolunda atdığı ilk böyük addımın rəmzidir.

Nuranə Məmmədova 

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki