Təhsil İşçilərinin Həmrəyliyi Alyansının sədri Əmrah Həsənli incəsənət məktəblərinə qəbul prosesi ilə bağlı cəmiyyətdə yaranan suallara aydınlıq gətirib.
newsbaku.az xəbər verir ki, təhsil ekspertinin sözlərinə görə, bu proses sırf konkurs prinsipi əsasında həyata keçirilib və hər bir namizəd topladığı nəticəyə uyğun qiymətləndirilib:
“2025–2026-cı tədris ili üçün incəsənət məktəblərinə ümumilikdə 18862 nəfər müraciət edib. İyun ayında keçirilən imtahanlarda isə 16252 namizəd iştirak edib. Burada əsas məsələ yerlərin məhdud olmasıdır. Yerlərin məhdud olduğu halda təbii olaraq keçid balları formalaşır və namizədlər topladıqları nəticəyə görə sıralanır. Bu, eyni universitetlərə qəbul sistemində olduğu kimidir: kim yüksək bal yığırsa, üstünlük qazanır. Burada heç bir ədalətsizlikdən söhbət gedə bilməz”.
Əmrah Həsənli bildirib ki, bəzən valideynlər belə fikirlər səsləndirirlər:
“Mənim övladım yüksək bal yığdı, amma ondan az bal toplayan qəbul olundu”. Onun sözlərinə görə, bu, ümumi prosesin təhrif olunmuş qiymətləndirilməsidir:
“Unutmaq olmaz ki, hər ixtisas üzrə rəqabət ayrı-ayrılıqda gedir. Namizədlər öz seçimlərinə uyğun şəkildə yarışırlar. Bu il, məsələn, təkcə fortepiano ixtisası üzrə 9 min nəfər müraciət edib. Təbii ki, bu qədər müraciətin hamısını qəbul etmək mümkün deyil. Ona görə də həmin istiqamətdə daha ciddi seçim aparılıb və güclü rəqabət olub. Demək ki, bəzən az bal yığan başqa ixtisas üzrə qəbul ola bilər, amma yüksək bal yığan fərqli ixtisas üzrə yer tuta bilməz. Yəni hər ixtisasın öz daxilində keçid balı formalaşır”.
Əmrah Həsənli qeyd edib ki, Mədəniyyət Nazirliyi prosesdə birbaşa seçim aparan qurum deyil, sadəcə nəzarətçi rolunu oynayır:
“Seçimlər namizədlərin nəticələri əsasında formalaşır. Nazirliyin işi isə bu prosesin şəffaflığını təmin etməkdir. Əgər texniki yanlışlıqlar baş veribsə, onlar araşdırılır, lakin ümumi prinsip dəyişmir – seçimlər sadəcə nəticələrə əsasən aparılır”.
Sonda Əmrah Həsənli incəsənət təhsilinin əhəmiyyətini vurğulayıb:
“Dünyada çox az ölkədə incəsənət təhsili ödənişsiz formada təşkil olunur. Azərbaycan isə bu baxımdan seçilən ölkələrdəndir. Bu da dövlətimizin mədəniyyətə, incəsənətə və gənclərin yaradıcılıq inkişafına verdiyi böyük dəyərin göstəricisidir. Əminəm ki, bugünkü seçimlər sabahın böyük sənətkarlarını formalaşdıracaq”.
Rəşanə İsamqizi
newsbaku.az