Rusiyada radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəisi İqor Kirillovun qətli ilə bağlı iş üzrə yeni fiqurant (təqsirləndirilən şəxs) ortaya çıxıb, onun Bakıda anadan olan Rusiya vətəndaşı olduğu müəyyənləşib.
newsbaku.az-ın xəbərinə görə, bu barədə TASS-ın məlumat əldə etdiyi iş materiallarında bildirilib.
“Rusiya Müdafiə Nazirliyinin iki hərbçisi İqor Kirillov və İlya Polikarpovun qətlə yetirilməsi faktı – naməlum tipli partlayıcı qurğunun işə salınması və partlayışın qeyd edilən şəxslərin ölümü ilə nəticələnməsi faktı üzrə cinayət işi açılıb. Cinayəti törətməkdə şübhəli bilinən Robert Safaryan saxlanılıb”, – deyə iş materiallarında qeyd edilib. Orada həmin şəxsin Bakıda doğulduğu, lakin hazırda Rusiya vətəndaşlığına malik olduğu vurğulanıb.
Safaryana qarşı terror aktı, o cümlədən partlayıcı maddələrin qeyri-qanuni hazırlanması və qanunsuz satışı üzrə ittiham irəli sürülüb. Hazırda o, məhkəmənin qərarı ilə həbsdədir.
Qeyd edək ki, generalın qətli işi ilə bağlı Axmadjon Kurbonov, Ramazan Padiev və Batuxan Toçiyev həbs ediliblər (onların hamısı 2024-cü ilin yanvarında “Rosfinmonitorinq” tərəfindən terrorizm və ekstremizmdə əli olan şəxslərin siyahısına əlavə ediliblər). Hər üç şəxs terror aktları maddəsi üzrə (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205-ci maddəsinin 3-cü hissəsinin “b” bəndi) ittiham olunurlar.
Xatırladaq ki, generalın qətli 2024-cü il dekabrın 17-də səhər saatlarında Moskvanın Ryazanski prospektində baş verib. İstintaqın məlumatına görə, yaşayış binasının girişində qoyulan elektrikli skuterdə əldəqayırma partlayıcı qurğu yerləşdirilib. Terror aktı nəticəsində general-leytenant Kirillov və onun köməkçisi həlak olub. Kurbonovun sözlərinə görə, o, Ukrayna xüsusi xidmət orqanları tərəfindən işə götürülüb və ona 100 min dollar məbləğində pul mükafatı, həmçinin Avropa İttifaqı ölkələrindən birində yaşamaq üçün ölkədən çıxış vəd edilib. İstintaqın versiyasına görə, Padiyev və Toçiyev Kurbonov üçün mənzil kirayə götürüb və kurator vasitəsilə ona pul göndəriblər.
newsbaku.az