Qarabağın işğaldan azad olunması ilə Azərbaycanın iqtisadi inkişafı yeni mərhələ qədəm qoyub. Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının (CAATS) prezidenti, iqtisadçı-ekspert Vüqar Oruc “NewsBaku“ya müsahibəsi zamanı Qarabağın işğaldan azad olunmasının Azərbaycanın iqtisadi inkişafına təsirlərini dəyərləndirib.
Onun sözlərinə görə, uzun illər işğal altında qalan torpaqlar ölkənin böyük sənaye, kənd təsərrüfatı və turizm bölgəsini iqtisadi dövriyyədən kənarda saxlayıb.
“Qarabağın işğal altında olması Azərbaycanın iqtisadiyyatına çox böyük problemlər yaratmışdı. Yəni Azərbaycanın böyük bir sənaye, kənd təsərrüfatı və turizm bölgəsi uzun müddət işğal altında idi. Bu, iqtisadiyyatımızın inkişafı üçün çox ciddi maneə idi. İndi isə torpaqların geri alınması və infrastrukturun bərpası bölgəyə yeni güc verir, Azərbaycan iqtisadiyyatına töhfə vermək üçün şərait yaradır”, – deyə V.Oruc bildirib.
Ekspert qeyd edib ki, hazırda Azərbaycanın ümumi iqtisadiyyatı bu töhfəni tam şəkildə hiss etməsə də, yaxın illərdə kəndlərin və şəhərlərin bərpası, istehsal və xidmət sahələrinin qurulması nəticəsində bölgənin iqtisadi rolunun sürətlə artacağı gözlənilir:
“Bir müddət sonra Qarabağın erməni vandalizmi nəticəsində dağıdılmış infrastruktur tam bərpa olunacaq. Şəhərlər, kəndlər salınacaq, böyük istehsal və xidmət sahələri qurulacaq. Bu da həm turizmin, həm sənayenin, həm də kənd təsərrüfatının inkişafında çox böyük irəliləyişlər yaradacaq. Bu təbii ki, Azərbaycan iqtisadiyyatının böyüməsi və güclənməsi deməkdir.”
Vüqar Oruc Qarabağın kənd təsərrüfatı potensialına ayrıca toxunaraq bildirib ki, bölgə tarixi ənənələri ilə aqrar sahədə ölkənin aparıcı mərkəzlərindən biri olub:
“Qarabağ hər zaman kənd təsərrüfatının inkişafı baxımından mühüm əhəmiyyətə malik ərazi olub. Həm heyvandarlıq, həm əkinçilik, həm də ümumi kənd təsərrüfatı istehsalında bu bölgənin payı hətta sovet dövründə də çox yüksək idi. İndi isə yeni şərait bölgənin kənd təsərrüfatındakı payını daha da artıracaq.”
Ekspertin sözlərinə görə, hazırda Aqrar Kredit və İnkişaf Agentliyi və digər dövlət qurumları bölgədə böyük layihələr həyata keçirir. Boş torpaqların əkinə hazırlanması, məhsul yığımı və heyvandarlığın təşkili gələcəkdə büdcəyə əhəmiyyətli gəlirlər gətirəcək.
İqtisadçı Qarabağın turizm imkanlarını da yüksək qiymətləndirib:
“Qarabağın tarixi, mədəni irsi və zəngin təbiəti turizmin inkişafı üçün çox böyük imkanlar yaradır. Azərbaycan dövlətinin yaratdığı yeni infrastruktur və yollar bölgədə turizmin sürətlə inkişafına şərait yaradır. Hesab edirəm ki, yaxın 5 ildə Qarabağ ölkənin turizm mərkəzinə çevriləcək və əvvəlki liderliyini bərpa edəcək.”
V.Oruc həmçinin vurğulayıb ki, turizmin inkişafında Zəngəzur dəhlizinin açılması mühüm rol oynayacaq:
“Zəngəzur dəhlizinin istifadəyə verilməsi region dövlətləri ilə iqtisadi əlaqələri gücləndirəcək və Qarabağın turizm potensialını daha da artıracaq. Bu, həm Azərbaycanın büdcəsinə, həm də beynəlxalq imicinə müsbət təsir göstərəcək.”
Ekspert bildirib ki, hazırda dövlət qurumları və özəl sektorun əməkdaşlığı bölgənin iqtisadi dirçəlişi üçün əsas şərtlərdən biridir:
“Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Sahibkarlar Konfederasiyası və digər dövlət qurumları bölgəyə sahibkarların cəlb edilməsi üçün ciddi addımlar atır. Vergi güzəştləri və təşviq proqramları sahibkarlığın inkişafına geniş imkanlar açır. Dövlət qurumları bu prosesi təkbaşına həyata keçirə bilməz, özəl sektorun fəal iştirakı vacibdir.”
Vüqar Oruc yekunda bildirib ki, bütün bu addımlar nəticəsində Qarabağ nəinki Azərbaycanın, həm də regionun ən inkişaf etmiş bölgələrindən birinə çevriləcək:
“İqtisadi fəaliyyətin canlanması təkcə bölgədə yaşayan əhali üçün deyil, bütün ölkə vətəndaşları üçün hiss olunacaq. Bu isə Azərbaycanın iqtisadi cəhətdən daha da çiçəklənməsi deməkdir.”
Aynur Abdullayeva
newsbaku.az