Ekpertdən Gənc Sahibkarlara Məsləhətlər

image-getty_855485708_399180backend

Müasir dövrdə öz biznesini qurmaq istəyən gənclərin sayı getdikcə artır. Lakin uğurlu sahibkarlıq fəaliyyətinə başlamaq üçün təkcə ideya kifayət etmir. İqtisadi, maliyyə və praktiki biliklərə sahib olmaq, bazarı düzgün analiz etmək və riskləri öncədən görmək mühüm şərtlərdəndir.

İqtisadçı-ekspert Günay Hüseynova NewsBaku.az-a müsahibəsində gənc sahibkarların uğur qazanması üçün izləməli olduqları əsas addımlardan danışıb. Onun sözlərinə görə, biznesə başlamaq istəyən hər bir şəxs ilk növbədə müəyyən iqtisadi, maliyyə və biznes biliklərinə malik olmalıdır:

image-gunay-huseynova

“Gənc sahibkarlar üçün uğur planının ilk başlanğıcı cüzi də olsa biznes və ya iqtisadiyyat, maliyyə mövzusunda müəyyən biliklərə malik olmaqdır. Bundan əlavə, paralel olaraq quracağı yeni biznesə dair müəyyən praktiki məlumatlara malik olmalıdır. Bu qeyd edilənlər bir-birinin ayrılmaz hissəsidir. Universitetdə kitab oxumaqla və ya tam əksi – hansısa sahədə çalışıb amma mənfəəti, zərəri, uçotu bilməyəndən sonra iş mühiti yaratmaq çox çətindir”.“Gənc sahibkarlar üçün uğur planının ilk başlanğıcı cüzi də olsa biznes və ya iqtisadiyyat, maliyyə mövzusunda müəyyən biliklərə malik olmaqdır. Bundan əlavə, paralel olaraq quracağı yeni biznesə dair müəyyən praktiki məlumatlara malik olmalıdır. Bu qeyd edilənlər bir-birinin ayrılmaz hissəsidir. Universitetdə kitab oxumaqla və ya tam əksi – hansısa sahədə çalışıb amma mənfəəti, zərəri, uçotu bilməyəndən sonra iş mühiti yaratmaq çox çətindir”.

Ekspert bildirib ki, bazara çıxarılan məhsul mütləq şəkildə alıcının real tələbatına cavab verməlidir:

“Əgər hər hansısa şəxs öz işini qurmaq istəyirsə, ilk növbədə elə məhsul satışa çıxarılmalıdır ki, alıcının həqiqətən tələbatı olsun, bazarda o məhsulun alternativi olmasın və ya alternativi olsa da keyfiyyəti yüksək olsun, qiyməti də rəqabət qabiliyyətli olsun”.

Qlobal trendlərə diqqət çəkən iqtisadçı qeyd edib ki, ənənəvi ticarət öz yerini onlayn satış platformalarına verir:

“Qlobal iqtisadiyyatda ənənəvi ticarətdən daha çox onlayn ticarət platformalarına yönəlir istehlakçılar. Ölkəmizdə bir o qədər geniş yayılmasa da, növbəti illərdə yerli ticarət platforması qurulacaq. Hal-hazırda müəyyən ticarət obyektləri öz məhsullarını sosial şəbəkələr vasitəsilə satır. Ona görə də ilk növbədə sahibkarın müəyyən SMM, netvorking bilikləri olmalıdır. Bu xidməti ödəniş müqabilində edən şəxslər və ya şirkətlər də var, amma müəyyən qədər sahibkar da məlumatlı olmalıdır”.

Günay Hüseynovanın sözlərinə görə, sahibkar yalnız daxili bazarla kifayətlənməməli, dünya təcrübəsindən də bəhrələnməlidir:

“Bundan əlavə, sahibkarın müəyyən dünya görüşü olması da məqsədə uyğundur, çünki yalnız daxili bazarla məhdudlaşmaq olmaz. Dünya ölkələrinin praktikasından yararlanmaq, istehsal texnologiyasını öyrənmək və ya elm sahəsində olacaqsa təcrübədən yararlanmaq faydalı ola bilər”.

Ekspert həmçinin qeyd edib ki, sahibkarlıq yolunda risklərə hazır olmaq lazımdır:

“Ən əsas onu unutmamaq lazımdır ki, hər an risklər ola bilər, müəyyən zaman – ən azından 6 ay qazanc olmaya da bilər. Hansı hissədə boşluq varsa, onu tapıb həll etmək lazımdır. Zirvəyə addımlamaq müəyyən etapı keçdikdən sonra çətin deyil. Uğurun başlanğıcı ilk növbədə özünə inamdır”, – deyə ekspert vurğulayıb.

Aynur Abdullayeva

NewsBaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki