Elektron ticarətin sürətli yüksəlişi və ənənəvi bazarlara təsiri

image-img_2918backend

Texnologiyanın inkişafı ilə insanların alış-veriş vərdişləri dəyişir. Bir vaxtlar ənənəvi bazarlarda saatlarla gəzərək məhsul seçən alıcılar indi bir neçə dəqiqəyə istədiklərini onlayn sifariş edə bilirlər. Elektron ticarətin sürətlə böyüyüməsi ənənəvi bazarların alıcı kütləsini xeyli azaldıb.

İqtisadçı-ekspert Günel Hüseynova elektron ticarətin inkişafı və ənənəvi bazarlara təsirləri barədə newsbaku.az-a danışıb.

image-img_2917

Onun sözlərinə görə, elektron ticarətin sürətli inkişafı pandemiya dövründə başlayıb və bu tendensiya hazırda da davam edir:

“Pandemiya elektron ticarətə marağı artırdı, paralel olaraq ənənəvi bazarlarda azalma müşahidə olundu. Bu proses həm istehlakçı maraqlarının dəyişməsi, həm də qlobal tendensiyalarla bağlıdır. Dövlət proqramı çərçivəsində elektron ticarətin inkişafına dəstək də mühüm rol oynadı. Ən əsası isə bu, saxtakarlıq hallarının qarşısının alınması və istehlakçı hüquqlarının qorunması baxımından xüsusi əhəmiyyət daşıyır”, – deyə iqtisadçı vurğulayıb.

Günel Hüseynova bildirib ki, ənənəvi bazarlarda şəffaflığın təmin olunması daha çətindir:

“Çünki rəsmi çeklər, kassa çekləri əvəzinə, ən yaxşı halda fiksal çeklər təqdim olunurdu. Bu da təbii ki, istehlakçı hüquqlarının qorunmasında çətinlik yaradırdı, saxtakarlıq hallarının yaranmasına səbəb olurdu”.

Ekspertə görə, insanların həyat tərzi və iş şəraiti də elektron ticarətə marağı artırır:

“Artıq insanların ənənəvi bazarlara getməyə vaxtı olmur. Qiymət araşdırması da çətinlik yaradır. Elektron ticarət isə həm rəqabət yaradır, həm şəffaflıq təmin edir, həm də istehlakçı hüquqlarını qorumaq baxımından əhəmiyyətlidir. Dövlətin nəzarəti də bu sahədə daha operativ olur”.

Onun sözlərinə görə, hazırda ənənəvi bazarlarda aktiv rol oynayan sadəcə kənd təsərrüfatı sektorudur:

“Kənd təsərüfatı sektoru riskli sahələrdən biri hesab olunur. Bu insanların düşüncəsi ilə bağlıdır, çünki alıcılar qidanı əyani olaraq görüb seçmək istəyirlər. Amma geyim, elektronika və yaxud digər sahələrdə belə deyil.

Ekspert ənənəvi bazarlara əsasən orta yaşlı və yaşlı nəslin nümayəndələri müraciət etməsini onların elektron ticarətlə bağlı məlumatlarının az olması və bir növ etibar etməməsi ilə izah edib.

Günel Hüseynova həmçinin sahibkarların da elektron ticarətə maraq göstərdiyini qeyd edib:

“Hazırda elektron ticarət əsasən böyük mağaza şəbəkələrində tətbiq olunur. Halbuki digər sahələrdə də inkişaf etdirilməsi məqsədəuyğundur. Qlobal təcrübədə elektron ticarət daha üstünlük təşkil edir. Bu, həm kirayə, həm də işçi xərclərinin azaldılması baxımından sahibkarlar üçün sərfəlidir”.

Ekspert yekunda əlavə edib ki, Azərbaycanda elektron ticarətin inkişafı həm şəffaflıq, həm də istehlakçı maraqlarının qorunması baxımından vacibdir.

 

Aynur Abdullayeva

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki