Passiv gəlir mənbələri: Azərbaycan reallığında imkanlar və risklər

image-img_2957backend

Müasir insanlar riskə girmədən əlavə qazanc əldə etməyin yollarını axtarır.
Bəs Azərbaycanda insanlar daha çox hansı passiv gəlir formasına üstünlük verirlər? Azərbaycan reallığında imkanlar və risklər nələrdir?

İqtisadçı-ekspert Vüqar Oruc newsbaku.az-a müsahibəsində ölkəmizdə passiv gəlir imkanları və bu sahədə mövcud risklərlə bağlı fikirlərini bölüşüb.

image-img_2958
Ekspert bildirib ki, passiv gəlir mənbələri aktiv biznes hesab edilməyən, iqtisadi fəaliyyət nəticəsində əldə olunan gəlirlərdir:

“Bildiyimiz kimi passiv gəlir mənbələri aktiv biznes hesab edilməyən, iqtisadi fəaliyyət nəticəsində əldə olunan gəlirlərdir. Bunlar əsasən icarə və kirayədən, səhm kağızlarından – yəni qiymətli kağızlardan əldə edilən gəlirlər, həmçinin payçı olaraq iştirak edilən və dövri olaraq gəlir gətirən birgə layihələrdir. Bu gəlirlər üçün konkret aktiv biznes fəaliyyəti tələb olunmur. Biznes iştirakçılığına ehtiyac yoxdur. Bu baxımdan vətəndaşların, o cümlədən kiçik sahibkarların bir çoxu belə gəlir əldə etməyə maraqlıdır. Hazırda ölkəmizdə buna kifayət qədər şərait yaradılıb,” – deyə Vüqar Oruc vurğulayıb.

Onun sözlərinə görə, hazırda daşınmaz əmlak investisiya cazibədarlığı baxımından bütün digər investisiya obyektlərini arxada qoyub:

“Daşınmaz əmlakın əldə olunması, istər kirayəyə verilməsi, istərsə də obyekt kimi istifadəsi vətəndaş üçün stabil gəlir mənbəyi yaradır. Sahibkar hər ay kirayədən qazanc əldə edir və ya bir dəfə alqı-satqı əməliyyatı apararaq mənzili icarəyə verməklə ardıcıl gəlir əldə edə bilir. Bu, artıq aktiv deyil, passiv biznes fəaliyyətidir. Bundan əlavə, fond birjalarının inkişaf etdiyi ölkələrdə vətəndaş müxtəlif səhmlər əldə edir, birjalarda pay sahibi olur. Paylar artdıqca təbii olaraq gəlir də artır. Son dövrlərdə isə daşınmaz əmlakın dəyər qazanması əlavə bir passiv gəlir formasına çevrilib. Yəni, obyekt istifadəsiz qalsa belə, onun qiyməti artdıqca vətəndaş bundan gəlir qazanır,” – deyə ekspert bildirib.

Vüqar Oruc qeyd edib ki, bu gəlirlərlə yanaşı risklər də mövcuddur:

“Riskli olan əsas məqam Azərbaycan manatının valyuta məzənnəsində baş verə biləcək dəyişikliklərdir. Bu, həm daşınmaz əmlakın qiymətinə, həm də ondan əldə edilən stabil gəlirlərin məbləğinə təsir göstərə bilər. İkinci risk isə vergilərlə bağlıdır. Bildiyiniz kimi bütün fəaliyyətlərə mənfəət vergisi tətbiq olunur. Vergilərin artırılması və ya yeni növ vergilərin tətbiqi passiv gəlir mənbələrini də risk altında qoya bilər. Digər tərəfdən, kənd təsərrüfatı sahəsində kütləvi xəstəliklər və ya təbii hadisələr riskləri artırır, xaricdən gətirilən məhsullara tətbiq olunan vergi dəyişikliyi və rəqabətin artması satış imkanlarını çətinləşdirir. İstehsal sahəsində isə uzunmüddətli gəlir əldə etmək mümkün olsa da, alternativlərin çoxalması və bazarın məhdudlaşması problemlər yaradır,” – deyə iqtisadçı-ekspert izah edib.

Ekspertin fikrincə, bütün bunlara baxmayaraq, passiv gəlir aktiv bizneslə müqayisədə daha məqsədəuyğundur:

“Hazırda vətəndaşların passiv gəlirlərə üstünlük verməsi onların aktiv biznes fəaliyyətindəki çətinliklərdən qaçmaq istəyi ilə bağlıdır. Qanunvericilikdə baş verə biləcək dəyişikliklər, vergi məbləğlərinin artması, yeni vergilərin tətbiqi və biznes qurmaq üçün tələb olunan geniş əlaqələrin, himayədar dəstəyin olmaması insanları daha çox passiv gəlir əldə etməyə vadar edir. Müşahidələrimizə görə, Azərbaycan əhalisi əməkhaqqı alaraq yaşamağa üstünlük verir. Ölkədə biznes layihələri və startaplar üçün hüquqi baza mövcud olsa da, risklərin çoxluğu səbəbindən yeni biznes fəaliyyətinə maraq zəifdir,” – deyə Vüqar Oruc əlavə edib.


Aynur Abdullayeva

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki